Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: “Enerji sistemində itkilər azalır"



Newscenter.az.21.08.2020. “Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır”

Bunu Prezident İlham Əliyev 1 000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən deyib.

“Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq.

Bütövlükdə bu stansiyanın çox böyük əhəmiyyəti var. Çünki bu stansiyanın timsalında biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Dünyanın aparıcı şirkətləri bizimlə bərabər bu stansiyanın inşasında iştirak edəcəkdir. Eyni zamanda, çox güclü beynəlxalq nəzarət olacaq.

Stansiya bütün beynəlxalq ekoloji standartlara tam cavab verir. Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir - 260 qram. Energetiklər bilirlər ki, bu, çox aşağı səviyyədir” – deyə o, qeyd edib.

Bundan başqa, dövlət başçısı bildirib ki, bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyyatı aşağı düşməkdədir: “Eyni zamanda, itkilər də azalır. İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının “Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq. Çünki “Mingəçevir” İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbəttə ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə gətirib çıxarır. Eyni zamanda, bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünki hamımız yaxşı xatırlayırıq, iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində demək olar ki, Bakı şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da sığortalayacaq”.
Xəbəri paylaş