Newscenter.az.21.08.2020. “Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi faktının bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına, bununla bağlı müvafiq qərarlar, qətnamələr çıxarılmasına baxmayaraq, Ermənistan hələ də öz işğlaçılıq siyasətindən əl çəkmir. Azərbaycan dövləti hər zaman işğal faktı ilə heç vaxt barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini qətiyyətlə bəyan edir. Üstəlik, Ermənistan tərəfinin danışıqlar prosesinə kölgə salan, birbaşa mane olan əsassız açıqlamaları işğalçının beynəlxalq hüquqa qarşı çıxdığını göstərir. Separatçıların liderinin dilindən səsləndirilən Gəncənin vurulması kimi sərsəm açıqlamanı bu qəbildən hesab etmək olar”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Kubra Əliyarlı səsləndirib.
“Təəssüflə bildirməliyik ki, bəzi dövlətlərin və beynəlxalq qurumların bu məsələ ilə bağlı mövqeləri anlaşılan deyil. Ən əsası da bir sıra beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşması qəbuledilməzdir. Ona görə ki, Ermənistanın bu hərəkətləri regionda sülhə, təhlükəsizliyə təhdiddir və işğalçı tərəf bu cinayətlərə görə cavab verməlidir. Çünki Ermənistan istər Azərbaycan torpaqlarını işğal etməklə, istərsə də xalqımıza qarşı törətdiyi soyqırımı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub və pozmaqda davam edir”,
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesində ATƏT-in Minsk qrupunun fəaliyyəti də məyusedicidir:
“Bu təşkilat artıq uzun illərdir ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi istiqamətində heç bir irəliləyişə nail ola bilməyib. Təəssüf ki, Minsk qrupu Ermənistanın səsləndirdiyi təhdid dolu açıqlamlarına bu dəfə də heç bir münasibət bildirməyib. Belə olan halda Minsk qrupunun tərkibində dəyişikliklərin edilməsi zərurəti ortaya çıxır. Məsələn, rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi prinsipial və qətiyyətli mövqeyini nəzərə alaraq Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunması münaqişənin həlli istiqamətində mühüm irəliləyişlərin əldə edilməsinə töhfə verə bilər”.