Newscenter.az.22.08.2020. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 17 avqust tarixdə, saat 11:25 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz halda bağlama aşkarlanıb.
Bağlamaya baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram narkotik vasitəyə (1 kq 40 qr “heroin”ə və 1 kq 100 qr “metamfetamin”ə) oxşar maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.