Newscenter.az.22.08.2020. "Bu gün vəzifəsindən asılı olmayaraq istənilən şəxsin etdiyi qanunsuz əmələ görə məsuliyyətə cəlb olunması, insanların qanun qarşısında bərabərliynin, qanunun və hüququn aliliyinin təmin olunmasına xidmət edir. Təbii ki, hüquqi dövlətdə bu, belə də olmalıdır! Çünki, biz hazırda ölkədə demək olar ki, bütün istiqamətlərdə, o cümlədən də məhkəmə hüquq sistemində kadr və institusional xarakterli islahatların daha da gücləndirildiyini iddia ediriksə, bu islahatlar qanunun aliliyinin təmin olunmadığı təqdirdə pafosdan başqa bir şey olmazdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, məsuliyyətə cəlb olunan həmin vəzifəli şəxslər də, qanunla ölkənin istənilən sıravi vətəndaşı ilə bərabər hüquqlara malikdirlər və kiməsə münasibətdə heç bir üstünlüyə malik deyillər:
"İstənilən vəzifəli şəxsin məsuliyyətə cəlb olunması üçün məhkəmə qarşısına çıxarılması əslində hər birimizin, o cümlədən də, uzun illər ərzində yüksək vəzifə daşıyan və xidmət göstərdiklərini iddia etdikləri dövlətimizin nüfuzunun güclənməsinə, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə dövlətimizə və dövlətçiliyimizə inamın artmasına xidmət edir. Çox təəssüflər olsun ki, uzun müddət ölkədə ictimai nəzarət çox zəif olmuşdur ki, bunun da müxtəlif səbəbləri olub. Səbəblər arasında İdarəetmə institutlarının ictimai rəyə reaksiyasının olmaması, məmur oliqarxiyasının mövcudluğu şəraitində bu prosesdə müxtəlif yüksəsk vəzifəlilərin maraqlarının üst-üstə düşməsi kimi halları qeyd etmək lazımdır".
Xəyal Bəşirov bildirib ki, hazırda bu məsələdə vəziyyətin müsbət istiqamətdə dəyişməsini şərtləndirən əsas faktorların ölkədə yeni idarəetmə mühitinin formalaşdırılması prosesinin reallaşdırılması ictimai nəzarətin gücləndirilməsi ilə bağlı ölkə başçısının ictimaiyyətə çoxsaylı müraciətləri və indiki dönəmdə sosial şəbəkələrin ictimai rəyin müvafiq ünvanlara çatdırılması üçün münbit tribuna rolunu oynaması ilə bağlı olduğunu düşünürəm:
"Çox sadə bir hüquqi prosesin fərqli istiqamətdə izah olunması, ölkədə hansısa klanlar arası mübarizənin təzahür forması kimi şərh edilməsi yanlışdır. Yanlışlıqla yanaşı, həm də bu cür iddialar ölkədə müsbət istiqamətdə gedən çoxsaylı proseslərin məqsədli şəkildə kölgə altına alınmasına xidmət edir.
Hər birimizin marağında olduğumuz və ya olmalı olduğumuz, hüququn və qanunun aliliyinin təmin olunması üçün, dövlətimizin yanında durmağımız vətəndaş kimi hamımızın müqəddəs vəzifəsidir".
Anar