Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Agentliyi ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil olunub



Newscenter.az.12.09.2020. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10-11 sentyabr 2020-ci il tarixində onlayn formada təşkil edilən ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil edilib.

Newscenter.az-aDövlət Agentliyindən bildirilib ki, forumda ATƏT-ə üzv dövlətlərin nazirləri, yüksək vəzifəli dövlət rəsmiləri, akademik dairələrin nümayəndələri iştirak ediblər.

İki gün davam edən və 3 sessiyadan ibarət olan Forumda korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə rəqəmsal texnologiyaların rolu, rəqəmsal nəzarət sistemləri, şəffaf büdcə məsələlərinə dair çağırışlar mövzularında müzakirələr olub. Həmçinin sessiyalar zamanı qabaqcıl idarəçiliyin əsas prinsiplərindən hesab edilən şəffaflıq və innovasiya vasitəsilə iqtisadi səmərəliliyə nail olunması ilə bağlı müzakirələr həyata keçirilib.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev "Şəffaflığın artırılması, qabaqcıl idarəetmə və qanunun aliliyi vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə" mövzusuna həsr olunan 2-ci sessiyada çıxış edib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, müxtəlif elektron və rəqəmsal layihələrdən bəhs edib. Həmçinin "ASAN xidmət"ə verilmiş BMT mükafatlarından, beynəlxalq əməkdaşlıqda əldə olunmuş uğurlardan, "MyGov", "ASAN Finans", "E-hərrac" kimi layihələrdən və müvafiq sahələr üzrə gələcəkdə nəzərdə tutulan planlardan söz açılıb.

Bundan əlavə tədbir iştirakçılarına pandemiya ilə mübarizədə ölkəmizdə görülmüş işlər, eləcə də "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycanda şəffaflığın təmin olunması və rəqəmsal alətlərin tətbiqi ilə korrupsiyaya qarşı uğurla mübarizə, o cümlədən elektron xidmətlərin mərkəzlərdə vətəndaşlara çatdırılması və geniş beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə təqdimat maraqla qarşılanıb.

Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.

Sevinc
Xəbəri paylaş