Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Məmmədov: "Azərbaycan hökumətinin yürütdüyü müasir iqtisadi siyasət düzgün və səmərəli həyata keçirilir"



Newscenter.az.17.09.2020. Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda genişmiqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsidir ki, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir. Qarşıdakı illərdə də beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir.

Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Onu da xatırladım ki, bu illər ərzində sənaye sektorunda çalışmaq istəyənlərin maraqlarını gerçəkləşdirmək məqsədilə sənaye parklarının yaradılması da diqqət mərkəzində saxlanılıb. Artıq respublikada bir sıra ixtisaslaşan sənaye və texnologiyalar parklarının fəaliyyət göstərməsi bunun məntiqi nəticəsidir. Bu strategiyanın uğurlarını isə biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada aydın şəkildə görə bilərik. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir. Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası isə yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq, təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər də parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bu isə o deməkdir ki, Azərbaycan hökumətinin yürütdüyü müasir iqtisadi siyasət düzgün və səmərəli həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Xəbəri paylaş