Newscenter.az.17.09.2020. Sirr deyil ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Doğrudur, hazırda korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Lakin Azərbaycanda mövcud güclü siyasi iradə və qətiyyət сəmiyyətimizin bu bəladan xilası üçün mühüm zəmin yaradır. Bu mənada etiraf edilməlidir ki, son illər Azərbaycanda bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir.
Prezident İlham Əliyev keçirilən bütün tədbirlərdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini bəyan edir, bundan sonra da bu sahədə ciddi mübarizə aparılacağını bildirir. Son zamanlar ərzində təyin olunan icra başçılarını qəbul edərkən cənab Prezident İlham Əliyevin ən çox vurğuladığı məsələ korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə mübarizə olub. Ölkə başçısı qətiyyətlə bildirir ki, bu xoşagəlməz hallara son qoyulmalıdır.
Ümumiyyətlə, son 16 ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində bir çox zəruri tədbirlər həyata keçirilib, qanunvericilik bazası gücləndirilib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilir. Hətta, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı son illər daha kəskin mübarizə aparılması beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsi də deyilənlərin əyani sübutudur. Çünki bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmir, müxtəlif peşə sahiblərinə, xüsusilə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara qarşı ədalətsizlik edir, onların normal fəaliyyətinə mane olurlar. Belələri tutduğu vəzifədən asılı olmayaraq, qanun qarşısında cavab verməli olurlar.
Korrupsiya və rüşvətxorluğun sərhədlərini daraltmaq üçün profilaktik tədbirlər, maarifləndirmə, elektron xidmətlər daha geniş şəkildə tətbiq olunmaqdadır. Reallıq da ondan ibarətdir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da kəskinləşib və bu işdə vəzifəsindən asılı olmayaraq, heç kimə güzəşt edilmir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı