Newscenter.az.10.01.2021. 1940- ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəvinin 1560-cı ildə Əbdül Əli Seyfi ibn Abdullanın xəttatlığı ilə nəzmə çəkilən “Xəmsə” əsərini və 1700-ci ildə nəzmə çəkilən “Yeddi gözəl” əsərini və Azərbaycan türk dilində Nizami Gəncəvi tərəfindən yazılan və № 57 fars əlyazmaları bölməsində 12 bəndlik “Qəzəli”-ni aşkara çıxardır. Türk dilində “Ey Nizami, gözəlin dodağında olan xala bax” cümləsi ilə başlayan qəzəl çernillə yazılmış, bir qədər köhnə olmasına baxmayaraq oxunması rahat olan sənəddə idi.
Bu sənəd üzə çıxan kimi şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışmışlar. İki əsərin fars və qəzəlin azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən olaraq məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu azərbaycan türkcəsində yazılıb.
Erməni aliminin hesabatında yazılır “Nizami Gəncəvinin Şirvanşah Axistian tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına biz rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan Türk dilində” Azərbaycan tərəfindən bura ezam edilən alimlər də Metandarana gələrək əlyazmalarla tanış olurlar, və Bakıya məlumat verirlər ki, tapılan sənədlərin içində Nizami Gəncəvinin azərbaycan türkcəsində şeirləri üstünlük təşkil edir. Hətta o dövrdə “Kommunist “ qəzetində azərbaycanlı alim Həbib Yusifovun məqaləsi də dərc edilir. 1940-ci ildə Azərbaycan “Leninqrad” şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır. Lakin müharibənin başlanması bu planları pozur və erməni tərəfi Nizami Gəncəvinin bütün azərbaycan türkcəsində olan əlyazmaları, kitabları və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxartmaqdan imtina edirlər. Azərbaycan tərəfinin xahişlərinə baxmayaraq bu sənədlər bir daha onlara göstərilmir və bu günə qədər də Matendaranda saxlanmaqdadır.
Dosent Zaur Əliyev