Newscenter.az.11.01.2021. Bu gün, Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin müharibədən sonra ilk dəfə üçtərəfli görüşü keçiriləcək. Görüş, 44 günlük müharibədə əldə etdiyimiz şanlı Qələbədən sonra qalib İlham Əliyevlə, məğlub Paşinyanın ilk görüşü kimi tarixə düşəcəkdir. Otuz ildən sonra ilk dəfə bu görüşdə, Azərbaycan qalib, Ermənistan isə məğlub tərəf kimi iştirak edəcək! İlk dəfə, görüş salonuna Azərbaycan Prezidenti qalib olaraq, başı dik, Ermənistan rəhbəri isə məğlub, başı aşağı və büzüşmüş şəkildə daxil olacaqdır!
Bu həm də, Prezident İlham Əliyevin keçən ilin əvvəllərindən başlayaraq, pandemiyaya görə sərhədlərin bağlanmasından sonra ilk rəsmi xarici səfəri olacaq. Səfərdən öncə görüşlə bağlı çox ciddi müzakirələr gedir. Müzakirə olunacaq mövzulara dair müxtəlif proqnozlar verilir. Ümumilikdə müzakirə mövzusu İkinci Qarabağ müharibəsindən sonrakı proseslər və 10 noyabr tarixli Bəyanat olsa da, konkret detallar ciddi maraq doğurur. Ancaq, görüşdən əvvəlki hadisələri diqqətlə izləsək, demək olar ki, hər şey məlumdur.
Diqqət edək, Paşinyanın və Ermənistanın Fransadakı növbəti Prezident seçkilərinə qədər təəssübkeşi olan Makron hansısa ciddi narahatçılığına görə V.Putinə zəng vurur. Təbii ki, bunun təsadüf olma ehtimalı sıfıra bərabərdir.
Həm də, bu gün Paşinyanın mətbuat katibi Mane Qevorkyan da, müzakirə olunacaq mövzularla bağlı məlumat yayıb. Onun sözlərinə görə, görüşdə regional kommunikasiyaların açılması, beynəlxalq yük daşımaları, Ermənistandan Rusiyaya və İrana, habelə Ermənistanın mərkəzi bölgələrindən Sünik bölgəsinə yük daşımaları ilə bağlı məsələlər müzakirə olunacaq. O həm də, bildirib ki, onlar üçün əsirlərin, girovların və məhbusların tam mübadiləsi, eləcə də müharibə zonasında axtarış və xilasetmə əməliyyatlarının genişləndirilməsi əsas məsələ olaraq qalır. Bu səbəbdən, Paşinyan bu məsələni də, Moskva görüşü zamanı qaldıracaqdır.
Azərbaycan tərəfi üçün görüşdə müzakirə olunmalı prioritet məsələlər də bəllidir. Bunun üçün, yanvarın 7-də Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı səsləndirdiyi fikirlərə diqqət etmək kifayətdir.
Prezident həmin müşavirədə bir sıra məsələlərə toxunmaqla yanaşı, bəzi əhəmiyyətli mesajlar da verdi. Bu mesajlar, həm sülhməramlı kimi rus hərbçilərinin bəzən öz missiyalarından kənara çıxmaları ilə bağlı idi. Həm də, açıq döyüşdə məğlub olmuş erməni hərbçilərinin bizim ərazilərimizdə gizlənərək terrorçuluq fəaliyyəti ilə məşğul olmalarına dair idi.
Prezidentin ən sərt təpki verdiyi məsələlərdən biri də, Ermənistan xarici işlər nazirinin və bir sıra xarici nümayəndələrin qanunsuz olaraq Xankəndinə səfər etmləri oldu. Dövlət başçısı açıq şəkildə, bizim ərazilərimizə bu cür səfərlərin yolverilməz və təxribat xarakterli olduğunu dilə gətirdi və Ermənistana son dəfə xəbərdarlıq etdi.
Düşünürəm ki, bundan başqa Azərbaycan tərəfinin görüşdə qaldıracağı məsələ, Bəyanatın hələ icra olunmayan digər tələblərinə dair olacaqdır. Ermənistan tərəfinin Azərbaycana təhvil verməli olduğu Naxçıvanın Kərki kəndi və Qazaxın yeddi kəndinin boşaldılması ilə bağlı məsələnin də, müzakirə predmeti olacağını düşünürəm. Görüşdə həm də, Bəyanata görə Naxçıvana açılacaq dəhlizlə bağlı vaxt və digər detalların dəqiqləşdirilməsinin müzakirə olunacağını zənn edirəm.
Xəyal Bəşirov-siyasi şərhçi