Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Postkonflikt dövründə də erməni vandalizmi dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmalıdır



Newscenter.az.11.02.2021. 30 ilə yaxın bir dövrdə erməni faşizmi bütün xalqların tolerant və sülh şəraitində yaşadığı Qafqazı münaqişələrin və müharibələrin bitmədiyi regiona çevirmişdir. Bu illər ərzində xalqımıza qarşı törədilən soyqırımı aktları, əsirlərə qarşı qeyri-insani davranış, rayonlarımızın dağıdılaraq viran qoyulması faşizm siyasətinin bariz nümunələridir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiaları, beynəlxalq müstəvidə həyata keçirdiyi aqressiv siyasət uzun illər ərzində ölkə əhalisinin şüuruna yeridilmiş zərərli ideologiyanın məhsuludur. Məhz bunun nəticəsidir ki, Ermənistanın demək olar ki, heç bir qonşu ölkə ilə normal, etibarlı, dayanıqlı qarşılıqlı münasibətləri mövcud deyil. Qarabağda rayon və şəhərlər işğaldan azad edildikcə erməni faşistlərinin törətdikləri bütün vəhşiliklər üzə çıxmağa başladı. Dağıdılan, viran qoyulan şəhərlər, donuz saxlanılan məscidlər, yerləyeksan edilən mədəniyyət abidələri, kitabxanalar erməni vandallığını ifşa etdi. Demək olar ki, hər qaytarılan şəhər və rayondan görüntülər ildırım sürəti ilə dünya mətbuatına yayıldı. “Məzlum xalq”ın nə dərəcədə vəhşi, zalım və qaniçən olduğunu bütün dünya gördü.

Sonuncu müharibədə mənfur düşmən darmadağın edilsə də, Ermənistan yenə faşizm ideyalarına sədaqətini gizlətmir, nasist fəlsəfəsinə söykənərək bir tərəfdən yeni müharibələrə körüklənir, digər tərəfdən isə “zavallı” erməni xalqının soyqırımına məruz qalması barədə əfsanələr uydurmaqda davam edir. Lakin biz Qələbə çalmaqla düşməndən qat-qat güclü, mətin və müdrik olduğumuzu göstərdik. Bu gün artıq müharibədən əvvəlki Azərbaycan deyilik, bir qarış torpaq üçün hətta əliyalın döyüşə atılmağı bacaran yenilməz xalqıq. İndi şəhidlərimizin ruhu bizi daha müdrik və daha tədbirli olmağa, daha cəsarətlə erməni faşist ideologiyasını məhv etməyə çağırır. Erməni faşizmi çökməyənədək onlar savaş ritorikasından əl çəkməyəcəklər, əməllərinə haqq qazandırmaq üçün təbliğat maşınını var gücü ilə işlədəcəklər.
İndi bütün dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdiyi vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır. Məlumdur ki, 44 günlük müharibə dövründə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan döyüş meydanında olduğu kimi informasiya müharibəsində də düşməni ağır məğlubiyyətə düçar etdi. Biz postkonflik dövründə də bu tendensiyanı qoruyub saxlamalıyıq, hər kəs əlindən gələni qədər bu işdə fəal olmalı və beynəlxalq aləmi məlumatlandırmalıdır. Biz imkan verməməliyik ki, ermənilər yenə də öz cəfəng fikirləri ilə dünya ictimaiyyətini aldatmağa, öz yalanlarını sırımağa cəhd etsin.


Anar MƏMMƏDOV-Milli Məclisin deputatı
Xəbəri paylaş