Newscenter.az.6.04.2021. “Azərsu” ASC daxili imkanları hesabına Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
Bu barədə Newscenter.az-a qurumdan bildirilib.
Məlumatda deyilir ki, qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Qəsəbənin yalnız bir hissəsində əhali fərdi qaydada su xətləri çəkib. Tikinti normalarına cavab verməyən həmin xətlər istismara yararsız vəziyyətdədir. İndiyə qədər qəsəbəyə meliorasiya kanalından suvarma məqsədilə su verilib və sakinlər təsərrüfatda həmin sudan istifadə edib.
Qəsəbə sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihə hazırlanıb. Layihənin birinci mərhələsində müxtəlif diametrli borularla 8 km içməli su şəbəkəsi inşa ediləcək. Bu mərhələ çərçivəsində 500 fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq. Növbəti mərhələlərdə qəsəbənin digər hissələrndə yeni içməli su şəbəkəsi yaradılacaq. Ümumilikdə, layihə çərçivəsində 25 km içməli su şəbəkəsi yaradılacaq və 1400 ev su ilə təmin olunacaq.
Layihəyə əsasən Aşağı Güzdək qəsəbəsi içməli su ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin hesabına təmin olunacaq. Bu məqsədlə qəsəbənin yaxınlığından keçən magistral xətdən birləşmə verilərək 160 mm diametrli borularla 500 metr uzunluğunda magistral su xətti çəkiləcək. Bununla da qəsəbədəki fərdi xətlər ləğv olunacaq, eyni zamanda meliorasiya kanalından suyun verilişi dayandırılacaq. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.
“Azərsu” Abşeron rayonu ilə yanaşı, Bakının Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Sevinc