Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "Əgər qapanmaya gedəcəyiksə bu dəfə iaşə obyektlərinin üzərində dayanmamalıyıq"



Newscenter.az.6.04.2021. Son günlər yoluxma statistikası yenidən narahatlıq doğurmaqdadır. Prosesin nəzarət altına alınması üçün preventiv tədbirlərin görülməsi vacibdir. Müəyyən istisnalarla artıq demək olar ki, bütün Avropada karantin tədbirlərinin sərtləşməsi prosesi müşahidə olunmaqdadır. Bu mənada düşünürəm proses bizdən də yan keçməyəcək. Artıq ötən iki dalğada təcrübəmiz yaranıb, həmçinin COVİD-19 demək olar ki, hamımızın ətrafından kimisə yaxalayıb, yəni, artıq inanıb-inanmamaq kimi bir baryerimiz də yoxdur.

Bu mənada hesab edirəm ki, bu dəfə atılacaq addımlarımız daha sərrast və düşünülmüş olmalıdır. Əgər qapanmaya gedəcəyiksə bu dəfə iaşə obyektlərinin üzərində dayanmamalıyıq. Bərbərxanalardan kafe və restoranlara, paltar mağazalarına qədər heç birinin fəaliyyətini dayandırmaq olmaz, biz SMS icazə ilə bərabər, sadəcə nəzarət tədbirlərini gücləndirməliyik, maskanın düzgün taxılmaması, sayından artıq müştəri qəbulu, yaxud karantin şərtlərinin digər pozulma hallarına imkan verməsək məncə yetərli ola bilər. Yəni inanmıram ki, insanların bir-birindən kafi məsafədə uzaqda oturduğu hansısa kafe basa-basla gedən avtobuslardan daha təhlükəli olsun. Bu virus artıq həyatımızın bir parçasına dönüb, biz artıq COVİD-19-la birgə yaşamağı öyrənməliyik. Minimum tələblərə əməl etməklə biz tam təhlükəsiz şəraitdə yoluxmadan yaşaya bilərik. Elə etməliyik ki, karantin zamanı iqtisadiyyat da nəfəs alsın, bu baxımdan məhdudiyyət daha çox fərdi nəzarətə yönəlməlidir. Bu həm də dövlətimizi hazırkı Böyük Qayıdış ərəfəsində əlavə maliyyə yükündən nəinki qurtarar, həmçinin vergi daxilolmalarına müsbət təsir edər.


Həmçinin, şəhəriçi yollarda postların qurulması, uzun tıxacların yaranması kimi gərginlik yaradan tədbirlərdən çəkinməliyik, əvəzində küçələrdə piyada patrul xidməti fəaliyyəti kafidir. Bundan başqa, SMS icazənin tətbiqində də yanaşmanı dəyişməliyik. Şəhərlərdə, yaxud rayon mərkəzlərində demirəm, amma kənd yerlərində, indiki əkin çağında SMS icazə tətbiqi məsələsində ağlabatan bir yol tapılmalıdır.


Fürsətdən istifadə edib bir məqama da xüsusi toxunmaq istəyirəm. Nəzərə alaq ki, Azərbaycan dünyada vaksinasiya prosesinə ilk başlayan dövlətlərdəndir, bu istiqamətdə MDB məkanında liderik, yəni, dövlət üzərinə düşəni edir və edəcək də. Elə bir fon yaradılmamalıdır ki, dövlət karantin tədbirlərində maraqlıdır, karantin bütün subyektlərdən daha çox dövlət üçün əlavə problem deməkdir. Bu mənada məhdudiyyət tədbirlərini siyasiləşdirilməsinə, yaxud proseslə bağlı digər əlaqəli məsələlər ətrafında manipulyasiyalar edilməməsinə yol verməməliyik. Belə bir vəziyyəti siyasi fürsətə çevirmək cəhdi dövlətə xəyanətdir.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş