Newscenter.az.6.04.2021. Milli Məclisin deputatı Jalə Əhmədova vətəndaşlardan daxil olan müraciətlərin yerindəcə araşdırılması məqsədilə yenidən Salyan rayonunda olub.
Newscenter.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkə hesabından məlumat verən millət vəkili qeyd edib ki, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla birlikdə Kür çayının ətrafında yaşayan sakinlərlə görüş keçirilib və Kür çayının çirkləndirilməsi ilə bağlı sakinlərlə maarifləndirici söhbət aparılıb:
"Vətəndaşların bəzi problemlərini S.Hətəmov elə yerindəcə həll etdi. Həmçinin seçiciləri narahat edən yol problemi ilə bağlı Salyan şəhərinin Pramxor deyilən ərazisi ilə tanış olduq. Daha sonra, karantin qaydalarına əməl etməklə rayonun Şorsulu kəndində yaşayan seçicilərimlə bir araya gəldim. Salyan rayon icra başçısı ilə birlikdə kənd orta məktəbində 30 nəfərdən çox seçicini qəbul edib dinlədim, onları narahat edən məsələlərlə bağlı qeydiyyatlar apardım".
Deputat bildirib ki, şəhid ailələri və qazilər əsasən tibbi yardımın, mənzil və torpaq problemlərinin həllində köməklik göstərilməsini istəyiblər:
"Qəbulda iştirak edən yerli bələdiyyə və icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin torpaq məsələsinin yaxın zamanda müsbət həll ediləcəyini bildirdilər. Seçicilərin qaldırdığı digər məsələ isə örüş otlaq sahələrinin təyinatı üzrə istifadə edilməməsidir. Sevindik Hətəmov, kənddə yaşayan insanlar üçün qlobal problem hesab edilən bu məsələnin aradan qaldırılması üçün bələdiyyə və icra hakimiyyətinin nümayəndələrinə müvafiq tapşırıqlar verdi. Mən isə öz növbəmdə, şəhid ailələri, qazilər və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən layihələrin mərhələli şəkildə icra olunduğunu, habelə cənab Prezidentin bu ilin yanvarında imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin ediləcəyini diqqətə çatdırdım".
Ruhiyyə