Newscenter.az.6.04.2021. Aprelin 6-da İraq Parlamentinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Newscenter.az xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət ”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, səffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 42 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Qonaqlara Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda nümayəndə heyətinə ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Sevinc