Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOS-Xarici serialların əksəriyyəti Azərbaycanda ailə modelini, ailə institutunu dağıtmağa hesablanıb



Newscenter.az.6.04.2021. Adətən, qadınların əksəriyyəti özlərini təcavüzdən qorumaq məqsədilə cinayətə əl atırlar. Qadınların cinayət törətmələrinin tamah, adam oğurluğu, insan alveri, fahişəliyə cəlb etmə və digər səbəbləri var. Son dövrlərdə cinayət törədən qadınların ən çoxu ailə daxilində dözülməz münasibət və davamlı münaqişələrə etiraz edənlərdir. Dözülməz ailə problemləri onları cinayətə sövq edir. Ümumilikdə ölkədə cinayət törətmiş qadınların sayında ilbəil azalma müşahidə olunur. Statistikaya əsasən, cinayət törədənlərin əksəriyyəti kişilərdir. Qadınların cinayət törətməsinə səbəb onlara edilən təzyiqlərlə bağlıdır.

Zərif cinsin nümayəndələri cinayət törədərkən daha qəddar olurlar. Zorakılığa məruz qalan qadınlar həddindən artıq ağır cinayət törədirlər. Ailədə qadınlara qarşı təzyiq, işgəncə daha çox olur. Belə olan halda cinayət baş verir. Bəzən ailədə qadın işgəncə və təzyiqə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, həmin qadına müsbət cavab verilmir. Adətən hüquq-mühafizə orqanları ailə zorakılığı məsələsinin məhkəmə yolu ilə həllini məsləhət bilirlər. Amma elə hallar da olur ki, qadın həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalsa da, bu haqda heç kimə deyə bilmir. Səbəb ailəsini qorumaqla bağlı olur. Bu barədə valideynlərinə məlumat verəndə isə boşanmağa məcbur edilir, boşanma isə psixoloji problemlər yaradır. Qadınların bıçağa əl atmalarının müxtəlif səbəbləri var.

Problemin həlli üçün cinayətlərin səbəbləri araşdırılmalıdır. Statistikada göstərilməlidir ki, bir il ərzində neçə qadın nə qədər cinayət törədib və bu cinayətin baş verməsinə səbəb nə olur. Bu cinayətlərin səbəblərini araşdırmaq və çərçivələrə bölmək lazımdır. Ümumiyyətlə, cinayət törətmək qadınlara xas deyil. Bütün dünyada belədir. Kişilər daha çox cinayət törədir. Qadınların əksəriyyətinin bıçaqlanma, adam öldürmə və digər cinayətlər törətməsi özünü müdafiə xarakteri daşıyır. Burada mən ruhi xəstələri nəzərə almıram. Qadın ən çox əri tərəfindən zorakılığa məruz qalır və sonu cinayətlə nəticələnir. Qadın qadını nadir hallarda öldürür. Qeyd etmək lazımdır ki, ən zəif kişi qadından fiziki cəhətdən güclü olur. Bu zaman da qadın bıçağa əl atmağa məcbur olur. Qadının adam öldürməsinə qəsdən törədilən cinayət demək olmaz. Bu, həmin qadının daha çox özünü müdafiə xarakteri daşıyır. Ən çox ailə problemləri olan qadınlar cinayət törətməyə məcbur olurlar. Bəzən müşahidə edirik ki, ailədə problem var, lakin həmin qadının boşanmasına valideynləri imkan vermir. Təbii ki, bu prosesin sonu cinayət hadisəsi ilə nəticələnir.

Adətən qadınlar tərəfindən törədilən cinayətlər daha çox rayonlarda baş verir. Daha çox ictimai qınaq səbəbindən rayon yerlərində boşanma ehtimalı daha azdır. Boşanma qadınlar üçün psixoloji problem yaradır, camaatın qınağından çəkindikləri üçün boşanmırlar. Amma bu fədakarlığın sonu heç də həmişə yaxşı bitmir və illərlə yığılmış problemlər qadını hansısa cinayət hadisəsini törətməyə vadar edir. Bu cür münaqişələrin cinayət hadisəsi ilə sonuclanmasının əsas səbəbi maddiyyatın mənəviyyatı arxa planda qoymasıdır. Əvvəllər də ailələrdə belə münaqişələr olub, amma çox nadir hallarda kişi arvadının, arvad isə kişisinin üstünə bıçaq qaldırıb. Çünki əvvəllər cəmiyyətimiz belə mənəvi aşınmalara məruz qalmamışdı. Ailə institutunu tənzimləyən maddi və mənəvi dəyərlər olsa da, maddi amillər mənəvi amilləri üstələyib. Ölkədə sosial-iqtisadi təbəqələşmənin də ailələrdə zorakılıq hallarını artmasına təsiri var. İndiki şəraitlə ayaqlaşa bilməyəndə ailələrdə maddi problemlər ortaya çıxır. Bu isə ailələrdə münaqişələrin sayını artırır. Digər tərəfdən hazırda yayımlanan xarici serialların əksəriyyəti də Azərbaycanda ailə modelini, ailə institutunu dağıtmağa hesablanıb. Bu gün televiziyalar belə serialları yayımlayırlar. Amma bu serialların ailə institutumuza hansı zərbəni vurduğunun fərqində deyillər.

Cəmiyyətin bütün təbəqələri zorakılıq hallarına sərt reaksiya verməlidir. Qadınlar zorakılığın müxtəlif formalarına məruz qalırlar. Amma insanlar zorakılığa qarşı tam biganədir. Bizdə anaya hörmət çoxdur, amma qadına - həyat yoldaşına qarşı münasibət yaxşı deyil. Təbii ki, bunun üçün cəmiyyətin maarifləndirməsi vacibdir. Yəni bu gün ailələr arasındakı münasibətlər bizi ən çox narahat edən məsələdir. Boşanmalar çoxalır, qanunsuz doğulan uşaqların sayı artır. Ənənələr qadının irəli getməsinə mane olur. Ölənlərin və öldürülənlərin hamısının əxlaqsız olduğunu demək gülüncdür.

Müşahidələr onu da göstərir ki, son vaxtlar zorakılıqla bağlı müraciətlərin sayı artır. Lakin bu kimi halların hamısını qeydiyyata almaq mümkün deyil. Statistikadan kənar hallar da çox olur. İntiharların səbəblərinin araşdırılmaması məsələnin daha da gərginləşməsinə səbəb olur. Ailədaxili zorakılıq nəticəsində ən çox psixoloji, fiziki zərbəni uşaqlar alır. Ailədə məişət zəminində ağır sonluqla nəticələnən hadisələrin artmasının bir səbəbini qadınların azad yaşamaq istəməsi, amma kişilərin bu azadlığa qarşı çıxması ilə əlaqəlidir. Əvvəllər kişi nə deyirdisə, qadın "baş üstə" deyib onunla razılaşırdı. Amma indi vəziyyət göstərir ki, qadınlar kişilərdən daha çox inkişaf edirlər. Yəni əvvəlki həyat tərzi ilə qadınlar razılaşmırlar. Bu isə kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili zorakılıq halları baş verir.

Ailə daxilində sonu qanla nəticələnən hadisələrin sayının artmasının səbəbinin həm də qadınların çarəsizliyi ilə əlaqədardır. Bəzən qadınlar başqa çıxış yolu tapmadıqlarından bu addıma əl atırlar. Ərini bıçaqlayan, baltalayan qadınlarla söhbət etdikdə, onların çoxu çarəsiz qalıb bu kimi cinayətləri törətdiklərini söyləyir. Həmin qadınlar deyirlər ki, ərləri tərəfindən döyülüb, təhqir edildikləri barədə polisə müraciət edəndə onları ələ salırlar. Naəlac və köməksiz qaldığını görən qadın cinayət törədir. Yəni onlara zamanında yardım olunmadığından mübahisələr qanla bitir. Ailələrdə münasibətlər o qədər gərginləşib ki, ən kiçik mübahisələr də əksər hallarda faciələrə səbəb olur. Əslində əgər ər-arvad problemi zorakılıq həddini alıbsa, bundan xəbər tutan yaxınlar, qonşular effektli mübarizə apara bilməyəndə ən azı qadına məsələnin hüquqi müstəvidə həlli üçün yardım etməlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri bu sahədə öz köməyini göstərməyə borcludur. Çünki prosesə isti-isti müdaxilə münasibətlərin daha da gərginləşməsinin qarşısını ala bilər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş