Newscenter.az.27.03.2022. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia Tvitter hesabı üzərindən son günlər artıq ikinci dəfə Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qaldığını" bildirib. Giorgi Gogia “Azərbaycanın nəzarət etdiyi ərazilər” ifadəsini işlətməklə özünün yüksək vəzifə tutduğu təşkilatın (Human Rights Watch) belə prinsiplərinə qarşı çıxır. Çünki, Human Rights Watch məhz beynəlxalq hüquq prinsiplərinə dönməz sadiqliyini bəyan edir.
Beynəlxalq hüquq, həmçinin BMT, digər nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan hər hansı başqa bir ölkənin ərazisini ilhaq və işğal etməyib ki, Giorgi Gogia bu cür ifadələr işlətmək haqqına sahib olsun. Rights Watch rəsmisi bu cür ifadələr işlətməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına salmaqla birtərəf, qərəzsiz, obyektiv hüquq müdafiəçisi kimi yox, separatizmə dəstək verən, məqsədli şəkildə ölkəmiz haqqında yanlış rəy yaratmağa çalışan, ikili standartları rəhbər tutan şəxs kimi çıxış edir. Giorgi Gogia regionu və burada baş verən prosesləri yaxşı bilir, bundan əvvəl Beynəlxalq Böhran Qrpunda ekspert kimi çalışıb və bölgədki münaqişələri öyrənib. Deməli, o bilə-bilə yanlış rəy yaradır, Azərbaycanı hədəfə gətirir. Çox maraqlıdır ki, Human Rights Watch rəsmisi Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı tam fərqli mövqe nümayiş etdirir və Gürcüstanın ərazi bütövlüyün daim vurğulayır.
Human Rights Watch təşkilatının da Azərbaycana münasibətdə artıq sistemli olaraq ikili standartlardan çıxış etməsi heç kimi təəccübləndirmir. Uzağa getməyək, “Human Rights Watch”-ın 2021-ci il üzrə hesabatında iddia edilir ki, “müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb”. Təşkilatın ekspertləri nəticələri saxtalaşdırıblar. Savaşın və dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa çalışıblar. Sanki Azərbaycan işğal altında olan ərazilərini azad etməyib. Əksinə, Ermənistana hücum edərək onun torpaqlarını ələ keçirib. Ermənistan ərazisində müharibə olmuşdumu ki, oradakı məktəblər də dağıdılsın? Digər yandan, rəqəmlər arasındakı fərq də şübhəlidir. Necə olur ki, ərazisində müharibə gedən Azərbaycanda 54 məktəb, sərhədlərinə müdaxilə edilməyən Ermənistanda isə 71 məktəb dağıdılır?
Azərbaycanın dəvəti ilə 2020-ci il noyabr ayında Human Rights Watch təşkilatının ekspertləri ölkəmizə gələrək araşdırma aparıb. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb, 11 dekabr tarixində yayımlanıb . Human Rights Watch təşkilatının həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb”.
Təşkilatın Avropa və Orta Asiya üzrə rəhbəri Hugh Williamson həmin məruzədə qeyd edib ki, “Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıblar, ağır artilleriya zərbələri endiriblər. Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinində bu cür faktlar qeydə alınıb. 40 mülki vətəndaşın öldürülməsi, bir çoxunun yaralanması ilə nəticələnən 18 hücum faktı da müşahidə edilib. Bütün bu faktları əks etdirən 10 peyk görüntülərinə baxılıb”.
Lakin təşkilat sona qədər obyektivliyini qoruya bilməyib, Human Rights Watch 11 dekabrda yayımladığı məruzədə əks etdirdiyi bu faktları 2021-ci il 13 yanvarda yayımladığı ümumi illik hesabatına daxil etməyib. Elə bil ki, bu məruzə heç olmayıb, onu arxivində gizlədib saxlayıb. Məsələ ondadır ki, 11 dekabr məruzəsində əks etdirilmiş faktlar nisbətən Azərbaycanın lehinə, 13 yanvar hesabatında əks etdirilən arqumentlər isə tamamilə əleyhinədir. Aralarında kəskin təzad, ziddiyyət var. Human Rights Watch ekspertləri Ermənistanı haqlı çıxarmaq, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar.
Human Rights Watch və onun rəsmilərinin, ekspertlərinin bu mövqeyi ilk növbədə onun özünün nüfuzuna ziyan vurur, həmçinin beynəlxalq hüquq-müdafiə təşkilatlarına etibarı sarsıdır.
Zaur Ibrahimli-politoloq