“NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır”. Bunu dünən Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.
“Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Beləliklə, bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”, - o söyləyib.
Medvedev xatırladıb ki, xarici analitiklərin Rusiya ilə NATO arasında müharibənin başlanması ehtimalı bitib-tükənmir.
İki böyük güc arasında toqquşmanın başlanması uzun müddətdir ki, bir çox ekspertləri dşüündürür. Hərçənd indi Ukraynanın tərəflər arasında poliqon olması və NATO-nun “dirijorluğu” da kimsəyə sirr deyil. Başqa sözlə desək, Alyans Kiyevi silahlandırmaqla onsuz da savaşın iştirakçısına çevrilib. Sadəcə bu, hələlik “ayseberqin görünməyən tərəfidir”. Bəs Rusiya ilə NATO arasında aşkar toqquşma başlana bilərmi?
Nəzərə almaq lazımdır ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dünən Qərbə xəbərdarlıq edib. O, deyib ki, Ukraynadakı hərbi əməliyyatlara müdaxiləyə cəhd edən tərəflərə sərt cavab veriləcək. İndiyə kimi oxşar açıqlamalar dəfələrlə verilib. Məgər Kreml Qərbin Ukraynaya dəstəyindən xəbərsizdir? Əlbəttə, yox. Elə isə niyə dediklərini indiyədək əməldə göstərmir?! Bu ritorik sual onu deməyə əsas verir ki, Rusiya rəsmilərinin, o cümlədən Medvedevin açıqlaması reallıqdan daha çox blefdir. Kreml heç bir halda Alyansla toqquşmaya getməz. Bu, onsuz da durumu yaxşı olmayan Rusiyanın məhvi olmaqla yanaşı, həm də bəşəriyyət üçün ciddi təhdiddir.
Amma NATO-nun Rusiyanı bilərəkdən potensial toqquşmaya çəkmək ehtimalı da var. Çünki Alyans Kremli zəiflətmək, onu idarəolunan hala gətirmək istəyir. Ukraynada hələlik məqsədinə çatmadığını görən Qərb Rusiyanın durumunu bir az da ağırlaşdırmaq məqsədilə Kremli təhrik edə bilər. Hərçənd yaxın gələcək üçün bu da ağlabatan görünmür Çünki bu halda Qərbin Rusiyanı zəiflətmək ambisiyası ağır nəticələrə səbəb ola bilər.
Bu mənada hələlik Rusiya ilə NATO arasında açıq qarşıdurma və Medvedevin dediyi kimi, nüvə müharibəsi gözlənilmir. Amma getdikcə bu ehtimal artır.
Daha bir maraqlı məqam budur ki, Rusiya rəsmilərinin nüvə savaşına dair söylədikləri arasında ziddiyyət müşahidə olunur. Görünür, artıq daxili siyasi elitada parçalanma var və bu, tədricən daha da güclənəcək.
Kənan Novruzov-siyasi ekspert