Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezidentin qarşımıza qoyduğu ilk vəzifələrdən biri də vətəndaş məmnunluğunun təmin olunmasıdır

Cənab Prezidentin qarşımıza qoyduğu ilk vəzifələrdən biri də vətəndaş məmnunluğunun təmin olunmasıdır


Ədliyyə işçiləri demokratik cəmiyyətdə Ədliyyə orqanlarına xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsi­piallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar.

Ulu öndər Heydər Əliyev xatırladırdı ki, dövlət iki şeydən sarsıla bilər: “Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. 1993-cü ilin yayından sonrakı proseslər ümummilli liderimizin uzaqgörənliklə söylədiyi həmin fikrin real həyatdakı təsdiqinə çevrildi. Çünki gənc müstəqil Azərbaycan dövləti çoxsaylı təzyiqlərə, təhdidlərə, bədxahlarımızın fitnə-fəsadlarına baxmayaraq, nəinki sarsılmadı, hətta ildən-ilə, aydan-aya inkişaf edərək, müasir dünyanın əsas faktorlarından birinə çevrildi. Biz, hüquq-mühafizə orqanlarının əməkdaşları fəxr edirik ki, dövlətimizin qazandığı böyük nailiyyətlərdə bizim də payımız vardır. Məmnunluqla xatırladım ki, Azərbaycanın hüquq-mühafizə orqanları daim ulu öndərin siyasətini dəstəkləmiş, Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmişlər.

Tam qətiyyətlə deyə bilərik ki, nəinki 1993-2003-cü illərdəki irəliləyişlərimizin, hətta bu günədək qazandığımız bütün uğurların təməlində, məhz Heydər Əliyev siyasi kursu, onun start verdiyi hərtərəfli islahatlar və xüsusən, gənc müstəqil dövlətimiz üçün hava və su kimi vacib olan hüquq islahatlarının prinsipiallıqla davam etdirilməsi dayanır. Ulu öndər çıxışlarından birində de­mişdir: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demok­ratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”. Heydər Əliyev belə bir perspektivi istəyirdi. Onun siyasi varisi və müasir nailiyyətlərimizin müəllifi olan Prezident İlham Əliyev Azərbaycanı, məhz həmin düstur üzrə inkişaf etdirdi.

Xalqımızın ümummilli lideri başqa bir çıxında isə demişdir ki, biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik: “İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. An­caq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik”.

Böyük dövlət xadiminin qeyd etdiyi özbaşınalıq və hərc-mərcliyin nəticələrini Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı nitqində çox aydın ifadə etmişdir: “Hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər… Ondan son­ra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı”.

Mən bu sətirləri qələmə alarkən fəxr edirəm ki, Azərbaycan Ədliyyəsi, ümumiyyətlə, hüquq-mühafizə orqanlarımız çox böyük mübarizələrdən keçmiş, milli dövlətçiliyin qorunmasın­da fəal iştirak etmişdir. Atəşkəs dövründə, əmin-amanlıq illərində işləməyə nə var ki?! Çətini məhz cənab Prezidentin xatır­latdığı illərdə xalqın və dövlətin mənafeyini qorumaq idi. Bizim təcrübəli həmkarlarımız həmin vəzifənin öhdəsindən də layiqincə gəlmişlər.

Cənab Prezidentin bizim qarşımıza qoyduğu ilk vəzifələrdən biri də məhz vətəndaş məmnunluğunun təmin olunmasıdır. Dövlət başçısının fikrincə, insan hüquq və azadlıqları­nın, eləcə də vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir. Hüquq mütəxəssislərinin fikrincə isə insan hüquq və azadlıqlarının müdafiəsi ilə layiqli həyat səviyyəsinin təmin olunması bir-birindən ayrılmaz, qarşılıqlı asılılıqda olan anlayış­lardır. Mütərəqqi hüquqi islahat­ların həyata keçirildiyi dövlətlərdə iqtisadi və sosial rifahın daha yüksək səviyyədə təmin olun­ması artıq əksər dövlətlərin təcrübəsində öz təsdiqini tap­mışdır. Yəni ölkəmizdə rifahın və inkişafın təmin edilməsini ali dövlət rəhbərliyi tələb edir, mütəxəssislər isə həmin tələbləri reallığa çevirirlər. Şəksizdir ki, bütün bunlar ölkədə qətiyyətlə davam etdirilən islahatlar fonunda baş verir.

Mənim fikirimcə hüquq-mühafizə orqanlarında, o cümlədən, ədliyyə orqanlarında ge­nişmiqyaslı islahatların aparıl­ması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərtdir. Yüksək keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların irəli çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, Ədliyyə orqanlarının işçilərinin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda, dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməlidir. Fikrimcə, məsələyə bu prizmadan yanaşılması təkcə peşəkarlıqdan yox, həm də vətəndaş təəssübkeşliyindən irəli gəlir.

Biz fəxr edirik ki, 44 gün­lük Vətən müharibəsi dövründə və xüsusən, ərazilərimizin düşmən əsarətindən azad edilməsindən sonrakı aylarda Ədliyyə orqanları böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmişlər. Əminəm ki, bu tendensiya qar­şıdakı bütün aylarda və illərdə, məhz dövlət başçısının qarşı­mıza qoyduğu şəkildə davam etdiriləcəkdir. Biz şanlı Azərbaycan dövlətinə, müzəffər Ali Baş Komandana və qalib xalqımıza xidmət etməyin məmnunluğunu yaşayırıq.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş