Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK: "Dövlət qurumunu “sahibkarların qənimi”, “rüşvətxor” adlandırmaq siyasi savadsızlıq, naşılıqdır"

DGK: "Dövlət qurumunu “sahibkarların qənimi”, “rüşvətxor” adlandırmaq siyasi savadsızlıq, naşılıqdır"


Yerli media resurslarından birində Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı material dərc edilib. Yazıda qeyd edilən məqamların əsassız, qərəz olduğunu bildirən Komitənin ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama yayıb.

Newscenter.az həmin açıqlamanı təqdim edir?

Ötən gün “müstəqil, düzgün seçilmiş informasiya siyasəti” yeritdiyini iddia edən internet saytlarından biri devizinə “sadiq” qalaraq növbəti dəfə gömrük orqanları, onun ayrı-ayrı rəhbər şəxsləri haqqında hər hansı fakta söykənməyən, müəllifin şəxsi təxəyyülünə, bəlkə də yuxularına əsaslanan savadsız, böhtan xarakterli yazı yayımlayıb.

Yazı dövlət büdcəsinə çatacaq ödənişlərdən yayınmaq üçün xaricdən gətirdiyi qazan dəstlərini gömrükdə qazan və qapağını bir-birindən ayıraraq, yəni fərqli kodlar altında bəyan etməyə çalışan sahibkarın jurnalistlərə verdiyi müsahibəyə əsasən hazırlanıb. Yazıda nümunə üçün hər hansı fakta rast gəlmək mümkün deyil. Görünür bu yazını qələmə alan müəllif də qazan və qapağını bir-birindən ayırıb, amma özü başqalarının qazanından ayrılmayan qapaq olub.

İlk növbədə onu bildirək ki, idxal edilən malların ekspertizası məqsədilə gömrük orqanına dəvət olunan sahibkarı müşayiət edən jurnalistlərin sayının "çox" olmasında bu sayt xüsusi canfəşanlıq göstərib. Görünür dolu qazana qapaq olmaq istəyindən ruhlanıb.

Yazıda irəli sürülən yalanlara gəlincə isə ilk cümlədən etibarən sifarişli, məqsədli və qərəzli şəkildə yazıldığı aydın görünür. Son illərdə aparılan islahatlar nəticəsində gömrük orqanlarında şəffalığın təmin edildiyi, müasir idarəçilik prinsiplərinin tətbiq olunduğu dəfələrlə bəyan edilib. Üstəlik, Ümumdünya Gömrük Təşkilatı və onun Baş katibi tərəfindən Dövlət Gömrük Komitəsinin təcrübəsi təqdir olunaraq digər ölkələrə tövsiyə olunub. Belə bir dövlət qurumunu “sahibkarların qənimi”, “rüşvətxor” adlandırmaq siyasi savadsızlıq, naşılıqdır.
Dövlət büdcəsinin 15 faizə qədərini formalaşdıran bir qurumda, özbaşınalıq, rüşvət, korrupsiya varsa, o zaman qazan qapağı olan bu sayt hansı məntiqlə iqtisadi inkişafdan bəhs edən çoxsayılı yazılar yayımlayır.

Yəqin ki, müəllifin dövlət büdcəsinə çatacaq ödənişlərdən yayınmaq üçün qazanı qapağından ayıran sahibkarı məsum, zərərçəkən, dövlətin qanunlarını icra edən gömrük orqanlarını isə hiyləgər adlandırmasının da məntiqli açıqlaması yoxdur.

Yazıda "avtomobildən tutmuş, məişət əşyasına, hətta geyimlərə qədər ölkəyə gətirilən bütün mallara görə dövlət rüsumundan əlavə pul tələb olunur” kimi onlarla cümlə və ifadələr var ki, iddiasını isbatlamadığı təqdirdə müəllif üçün hüquqi məsuliyyət yaradır.

Verəcəyimiz növbəti misal müəllifin gömrük sahəsindəki “dərin” biliklərindən xəbər verir. “Misal üçün, 5 min dollar dəyərindəki avtomobili ölkəyə gətirmək istəyirsinizsə, qanuna görə bunun 20 faizini rüsum olaraq ödəməlisiniz” cümləsindən oxucu belə qərara gəlir ki, xaricdən avtomobil gətirdiyi halda 20 faiz rüsum ödəyəcək. Halbuki xaricdən gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi prosesində “20 faiz” rüsum deyə bir anlayış yoxdur. Yeri gəlmişkən müəllifin diqqətinə çatdırırıq ki, xaricdən gətirilən avtomobillərin gömrük ödənişləri mənşə ölkəsi, istehsal tarixi, mühərrikin həcmi və s. bu kimi komponentlər nəzərə alınmaqla hesablanır.

“Bu, məhsulu istehsal edən şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmalıdır” cümləsində “invoys-bank sənədi” sözlərinin arasında qoyulan durğu işarəsindən belə başa düşmək olar ki, invoys və bank sənədi eyni mənanı ifadə edir. Halbuki hər iki söz başqa məna daşıyır. Sonrakı cümlədə isə müəllifin ümumiyyətlə “invoys” sözünün mənasından bixəbər olduğu üzə çıxır. “Yaxud vətəndaş xaricdən 100 dollara hansısa avadanlıq gətirirsə, Dövlət Gömrük Komitəsi həmin məhsulun daxili bazardakı qiyməti qədər invoys tətbiq edir, yəni məhsul daxil bazarda 300 dollardısa, invoys da 300 dollar olur.” Diqqətə çatdırırıq ki, invoys satıcı və alıcı arasında təqdim edilən və göndərilən malların, göstərilən xidmətlərin siyahısını, onların miqdarlarını və qiymətini, malların xüsusiyyətlərini, çatdırılma şərtlərini, alıcı və satıcı barədə məlumatları əks etdirən sənəddir.

Yazıda irəli sürülən iddialardan biri də “əksər” sahibkarlara süni maneələr yaradılması ilə bağlıdır. Xatırladırıq ki, 2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən artıq 700-dən çox hüquqi və fiziki şəxs istifadə edir və idxal-ixrac əməliyyatlarının 40 faizə qədəri onların payına düşür. Dövlətin bu buraxılış sistemindən istifadə hüququ verdiyi şəxslər gömrük əməliyyatlarını özləri, malları və nəqliyyat vasitələri gömrük orqanına gəlmədən, yəni gömrükçü və gömrük orqanı ilə təmasda olmadan həyata keçiririlər. Belə olan halda - yəni xarici ticarət əməliyyatlarının 40 faizi gömrüklə təmassız şəkildə həyata keçirilən bir ölkədə gömrüyün “əksər” sahibkarlara süni əngəllər yaratdığını iddia etmək yalnız məntiqsizlik və naşılıq deyil, eyni zamanda sahiblərinin ölkəsinə, vətəninə, dövlətinə laqeyd, biganə, qərəzli və ya məqsədli münasibətinin təzahürüdür.

Müəllifin yazıda irəli sürdüyü yalan iddiaların sayı bunlarla bitmir. Gömrük haqqında bu həcmdə biliklərə və təsəvvürə malik olan şəxsin öz səviyyəsinə uyğun yazdıqları bundan artıq da ola bilməzdi. Öyrənin, maariflənin, ən azından özünüzə hörmət edin. Bu kimi yazı sahiblərinə səslənərək bir daha deyirəm ki, umacağınız qapı gömrük orqanları deyil, sifariş aldığınız sahiblərinizin qazanları ilə yetinin.

Sevinc
Xəbəri paylaş