Bu gün 15 iyun Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Münasibətləri Haqqında Şuşa Bəyannaməsinin 1-ci ildönümüdür. İmza mərasimi, hər iki dövlətin rəhbəri, prezidentlər İlham Əliyevin və Təyyub Ərdoğanın iştirakı ilə keçirilib. Bəyannamə xeyli və müxtəlif sahələri əhatə edir, hər iki ölkə arası münasibətlər üzrə.
Ancaq mən, bu bəyannamənin əsasında hərbi müttəfiqliyin dayanmasını strateji mühüm amil hesab edirəm. Niyə? Əvvəla, dünyada ölkələrin arasında ən sıx yaxınlıq hərbi müttəfiqlik hesab edilir, iqtisadi, mədəni, siyasi və sairdən. Çünki, söhbət, ölkələrin müdafiə və təhlükəsizliyi kimi həyati vacib amildən gedir. Qərb ölkələri NATO, postsovet ölkələri ODKB hərbi müttəfiqliyi kimi birliklərini əbəs yerə, daha vacib amil saymırlar.
Azərbaycan və Türkiyə arasında da, belə hərbi birliyin olması vacib idi. Bu müttəfiqlik bir hərbi alyansdır və bir-birinin təhlükəsizliyini qoruma hüququ verir. Yəni, bundan sonra Azərbaycana ya, Türkiyəyə hücum olarsa, bu iki dövlətin heç kimə gənəşib-soruşmadan birisi, o birinə hərbi və sair, bütün imkanları ilə yardıma ohdəliklidir!
Türkiyə üçün böyük, lider türk dövləti olmaqla, Azərbaycanla olan bu birlik onun türk dünyası birliyinə və xüsusilə, indiyədək heç kimin çürət etmədiyi, Rusiya təsirindəki postsovet məkanı daxilinə doğru ilk mühüm, ciddi rəsmi girişi idi. Bəyan edildi ki Türkiyə artıq bu məkandadır və 103 il sonra, Türkiyənin Qafqaza ilk qayıdışıdır!
Azərbaycan üçünsə bu hərbi müttəfiqlik məhz misilsiz əhəmiyyətli idi. Bizim dövlət yaranışına başlanandan indiyədək, heç vaxt müttəfiqimiz olmamışdı. Tək olmuşuq 200 il qərbdə Türkiyə, şərqdə qədim türk dünyasından ayrı, təcriddə və məlum antitürk dövlətlərin əsir-əhatəsində.
Tariximiz boyu, böyük problemimiz müdafiə və regional təhlükəsizlik olub. Yaralı yerimiz kimi!!
Yoxsa bizim təbii resurslarımız, zəhmətkeş xalq amili kifayət qədər yaşam, inkişafımıza bəs idi. Kənar təsirlər, təzyiqlər, həmlələr bizi sarsıdırdı. Nə dövləti möhkəmlətmək, nə də ki, cəmiyyət, xalqın birliyinə tam yetişmə imkanı vermirdilər, işğal və digər xarici-daxili pozuculuq hesabına.
Belə halda, bu illərdə ölkə rəhbərliyi, Prezident İlham Əliyev, çox uğurlu qərarla ölkə siyasətini prioritet olaraq, müdafiə, regional təhlükəsizlik və xarici siyasətin üzərinə çəkdi. Dəqiq hesaba aldı ki, ölkənin ərazi bütövlüyü, təhlükəsizliyini, müdafiə qüdrətini, ölkə xaricini nizam qaydaya salmadan daxildə sabit inkişaf getməz. Bunun üçün isə, təklik-təklənmədən çıxmaq vacib idi. Və diqqəti beynəlxalq tərəfdaşlığa, eynilə türk qardaşlığımıza, müttəfiqliyimizə tərəf yönəltdi.
Bu mənada, Türkiyə kimi qardaş dövlətlə bizim hərbi müttəfiqliyimiz suverenliyimizi və həm də təhlükəsizliyimizi daha möhkəm dayanıqlı etdi, Şuşa Bəyannaməsi ilə. Bu müttəfiqlik, fikrimcə dünyada ən sıx və dolğun hərbi birlikdir. Çünki onun içində həm dil, din və milli qan qardaşlığı var bu müttəfiqliyi möhkəm və əbədi edən. Bu müttəfiqlik içində həm də bir, böyük başlanğıc üçün nüvə, rüşeym də var: böyük türk dünyası, türk dövlətləri birliyini də bu ittifaqa qata bilən.
Bu gün, dünyanın sistemi, ölkələrin münasibət qaydası pozulmuş faktiki Şərq-Qərb müharibə təlatümü dövrü Şuşa Müttəfiqlik Bəyannaməsi bizim üçün, eləcə də bütün türk dünyası üçün böyük vacib toxtaqlıq, güvənc, istinad amilidir!
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri