Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş Bakı konfransı iyunun 30-da Heydər Əliyev Mərkəzində işə başlayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ötən ilin noyabrında Madriddə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində yaradılmışdır.
Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirən Prezident cənab İlham Əliyev konfransdakı çıxışında bir sıra vacib məqamlara toxunub. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Belə tədbirlər Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Ölkəmiz tərəfindən irəli sürülən və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildən qoşulan ölkəmiz ilk günlərdən Hərəkatın bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Fəaliyyətinin ilk günlərindən bəri Azərbaycan həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışmışdır. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi də bu olmuşdur. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı da müvəffəqiyyətlə keçirilmiş və 2019-2022-ci ilə qədər Hərəkata sədrliyi dövründə Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq arenada öz rolunu fəal oynayan ölkələrdən biri idi. Qoşulmama hərakatına sədrliyi dövründə Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri olmuşdur.
Başlıca məramı Soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birliyi və həmrəyliyini təmin etmək olan Hərəkatın başlıca prinsipləri BMT nizamnamələrinə uyğun olaraq bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət, hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə, müxtəlif xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişaf etdirilməsi və tolerantlığın təşviqi və s. kimi təməl maddələri özündə əks etdirir.
Ölkə başçısı çıxışı zamanı bildirmişdir ki, "Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik". Bu mənada Ermənistan tərəfindən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi uğrunda başladığımız 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də olduğu vurğulanmışdır.
Konfransda bildirilmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, həm də qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. Həmçinin münaqişənin həlli məqsədilə təsis olunan ATƏT-in Minsk qrupunun artıq sülhyaradıcı deyil, əksinə sülhün bərqərar olmasında dağıdıcı təsirə malik olduğu diqqətə çatdırılmışdır.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Füzuli rayonuna və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə də səfər ediblər. Qonaqlara işğal dövrü və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işləri barədə məlumat verilib.
Xaliq Hüseynov
YAP Nəsimi rayon təşkilatının ƏİPT sədri