Yeniyetməlik dövrü insan ömründə ən mühüm və mürəkkəb mərhələlərdən biri sayılır. İnsanın gələcək həyatı bir çox hallarda məhz yeniyetməlik dövründə atdığı addımlardan asılı olur. Bu mənada yeniyetməlik dövrü xüsusi həssaslıq, diqqət və valideyn nəzarəti tələb edən bir mərhələdir. Yeniyetmə və gəncin həyatı nə qədər sağlam, düzgün olarsa, bu, onun üçün bir o qədər yaxşıdır. Onlar günlərinin təqribən 20 faizini dərslərə sərf edirlər. Bəs yerdə qalan boş vaxt? Axı yerdə qalan vaxt da necəsə keçməlidir. Bunun üçün yaxşı olar ki, şagird, tələbənin həvəs göstərdiyi, maraqlandığı bir və ya bir neçə məşğuliyyət sahəsi olsun. Məsələn musiqi, rəssamlıqla məşğul olsunlar, dil öyrənsinlər.
Bunlar arasında idmanla məşğul olmaq xüsusi yer tutur. Yeniyetmə və gənclər saat yarım, iki saat zallarda idmanın hansısa növü ilə məşğul olurlar. Əlbəttə, enerji sərf olunur. Ona görə də nə olursa olsun, evə gəlib dincəlməyə, itirilmiş enerjini bərpa etməyə çalışırlar. Nəticədə bəzi həmyaşıdlarından fərqli olaraq tüfeyli həyat tərzindən, zərərli vərdişlərdən uzaq olurlar. Bu isə asudə vaxtın səmərəli keçirilməsi deməkdir. İdmanla məşğul olmağın növbəti müsbət cəhəti isə insanın xarakterində, davranışında özünü göstərir. Müşahidələr göstərir ki, idmanla məşğul olanlar daha möhkəm xarakterli, qətiyyətli, həmçinin köməksevər olur, böyük-kiçik yeri bilir, öz hərəkətlərində nizam-intizamı, səliqəni gözləyirlər. Bu, çox yaxşı haldır. Təcrübəmdən bir faktı deyim, bəzən qrupda görürsən ki, tələbələrdən bir qismi digərlərindən fərqlənir - dərsə heç vaxt gecikmir, səliqəli geyinir, zərərli vərdişlərdən istifadə etmir, nizam-intizam qaydalarını gözləyir və s. Sonradan məlum olur ki, həmin gənclər peşəkar idmanla məşğuldurlar. Bu mövzuda bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm: insanın tək olanda etdiyi davranışlarla, kollektiv arasında olan davranışları çox zaman üst-üstə düşmür. Bu, psixoloji təsir vasitələri ilə, daha dəqiq desək, təqlidlə bağlıdır. İnsan müəyyən qrup arasında olarkən istər-istəməz ətrafdakıların etdiyini edir. Məsələn, biz ekran qarşısında futbol matçlarını çox rahat, stadionda isə böyük coşğu, emosiya ilə izləyirik. Lakin çalışmaq lazımdır ki, təqlid edəndə də mümkün qədər müsbət halları təqlid edək və hansı kollektivə düşdüyümüzü dərk edək.
Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotika alverçilərinin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes hazırda çox mənfəətli kriminal sahələrdən biri olmaqla ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir.
Təəssüflə qeyd etməliyik ki, bizdən asılı olmayan səbəblər ucbatından Azərbaycan da bu gün ən ağrılı problemlərdən birinə çevrilmiş narkotizm bəlasına düçar olmuş ölkələr sırasındadır. Belə ki, Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur.
Qeyd edək ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü bu yola əl atır.
Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu, onunla izah oluna blər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Xüsusilə təəssüfləndirici haldır ki, bu gün hər kəs bu bəlanın dərinliyini hiss etmir. Çox təəssüf ki, narkomaniyanın qarşısını almaq deyəndə daha çox gənclərlə işləmək nəzərdə tutulur. Amma bizim ən böyük işimiz ailələrlə olmalıdır. Çünki problemlərin mənbəyi ailədir. Təsəvvür edə bilmirəm ki, valideyn onun uşağı narkoman olduğunu hiss etməsin.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu