Sentyabrın 16-da Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bir sıra mühüm məsələlərə toxundu. Cənab Prezident mühüm coğrafi mövqeyə malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişafı və bu sahədə görülmüş işlərdən danışdı.
Bununla əlaqədar qeyd etmək istərdim ki, ötən illər ərzində ölkəmiz bir sıra regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verib və onların həyata keçirilməsində aparıcı rol oynayır. Bu gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Dünyadakı mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq ölkəmizdən keçən tranzit yüklərin həcmi daim artmaqdadır.
Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlərdən danışarkən vurğulamaq istərdim ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu inşa edir.
Bundan başqa, Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir və 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayının 9-a çatdırılması realdır.
Onu da deyim ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra o, əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanlarını artıracaq və marşrut boyu yerləşən bütün ölkələrə fayda gətirəcəkdir.
Məlumdur ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Lakin cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi və Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə oldu və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistanın təxribatlarına baxmayaraq, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa əsaslanaraq davam etdirir.
Jalə Əhmədova-Milli Məclisin deputatı