Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT nümayəndələri üçün ABŞ-a tanışlıq səfəri təşkil edilib

QHT nümayəndələri üçün ABŞ-a tanışlıq səfəri təşkil edilib


BMqT-nin Azərbaycan nümayəndəliyi insan alverinə qarşı mübarizə sahəsində ABŞ-ın qabaqcıl nümunələrini və təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ABŞ-a, xüsusilə Vaşinqton və Dallas şəhərlərinə tanışlıq səfəri təşkil etdi.

Newscenter.az xəbər verir ki, səfər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi çərçivəsində baş tutub. Səkkiz nəfərdən ibarət nümayəndə heyətinə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin, Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, o cümlədən, insan alveri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olan TAMAS İctimai Birliyi, Təmiz Dünya İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyinin təmsilçiləri daxil idi.

Tanışlıq səfəri zamanı nümayəndə heyəti BMqT-nin Vaşinqton ofisi, Dövlət Departamenti yanında İnsan Alverinə Nəzarət və Mübarizə Ofisi, ABŞ Qaçqınlar və İmmiqrantlar Komitəsi, Ədliyyə Departamenti nəzdində Cinayət Qurbanları İdarəsi, Səhiyyə və İnsan Xidmətləri Departamenti nəzdində İnsan Alverinə Qarşı Mübarizə, Əmək Departamenti nəzdində Uşaq Əməyi, Məcburi Əmək və İnsan Alveri İdarəsi, Dallas Rayon Prokurorluğunun Ofisi, Dallas Polis Departamenti, eləcə də insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən "Polaris" və "Mosaic Family Services Inc" qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu qurumlar öz fəaliyyətləri haqda məlumat verməklə insan alverinə qarşı mübarizə sahəsində təcrübələrini bölüşüblər.

Tərəfdaşlarla müzakirələr zamanı iştirakçılar Federal, Dövlət və Yerli səviyyələrdə istifadə olunan üsullar arasında müqayisələr apardılar və ABŞ-da hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq və birgə fəaliyyətləri müzakirə etdilər. Azərbaycan nümayəndə heyəti insan alveri qurbanlarının müəyyən edilməsi və yönləndirilməsi ilə bağlı məsələlərin vacib aspektlərini, onların öz qanunvericilik islahatlarında tətbiq etmək imkanlarını, eləcə də onların icrası ilə bağlı qarşıya çıxan məsələlər və problemləri təhlil etmək imkanı əldə etdilər. Tanışlıq səfəri zamanı əldə edilmiş təcrübənin Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət qurumları və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərində qurban yönümlü yanaşmanın tətbiqi və qurbanlara yardım məqsədilə milli yönləndirmə mexanimzinin gücləndirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir.

BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Anar Əliyev
Xəbəri paylaş