Bakının və Abşeronu mədəni-tarixi abidələrini bir bir araşdırıram. Dağılmaqda olanları üzə çıxartmağa çalışıram. Hardasa 100-dən çox dağılmış abidə, mədəni irs nümunələrini tapmışam. Bunlar haqqında yazmazdan öncə qədim bir Qala haqqında sözün əsl mənasında kədərlə yazmaq istəyirəm. Bu görünən Qalanın bir hissəsidir. Azərbaycan müstəqillik əldə edəndən sonra işbazlar Azərbaycanın, xüsusilə Bakı və Abşeronun tarixi abidləri olan yerləri torpaq kimi satıblar və çox adam da bu qalaları, abidələri söküb ki, bağ evinin yaraşığını pozmasın, ya da eləcə qoyublar qalsın. Gördüyünüz bu qala Bilgəh qəsəbəsində yerləşən qədim "Qala"-dan qalan bir hissədir. Şirvanşahlar dövrünün memarlıq incilərindən biridir.
Qala XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. Burada alovlandırılan məşəlin və ya havaya qalxan tüstünün hətta Ramana qalasından göründüyü deyilir.
Məsələ burasındadır ki, qalanın bir hissəsi hansısa döngədən, dalandan və ya kiminsə hasarından görünsə belə, tikiliyə yaxınlaşmaq mümkün deyil. Çünki qala fərdi evlərin həyətlərinin arasında itib batıb. Daha dəqiq desək, Xalq artisti Əminə Yusifqızına məxsus bağ evinin içində yerləşir. Xalq artisti Əminə Yusifqızı isə buranı alanda Qala qarışıq sənədləşmə işinin aparıldığın deyir. Bura onun qızının adındadır və yaydan yaya bura gedirlər. Ona bunu satan qurumlar tarixi əhəmiyyətli Qalanı torpağı ilə birlikdə sənədləşdiriblər onun adına.
Qala artıq uzun illərdir hasara alınıb və bu müddətdə heç kəs onunla maraqlanmayıb. Qala elə yerdədir ki, nadir hallarda onun fərqinə varırlar. həyətinin hasarları arasında qalıb. Çox acınacaqlı vəziyyətdir. Axı kimin ixtiyarı var ki, tarixi abidəni şəxsi həyətinə salsın?!n Yaxud kimin ixtiyarı var ki, 7 əsrdən çox yaşı olan bu tarixi, dövlətin maddi irsi, milli mədəni dəyəri olan Qalanı torpaq qarışıq kiməsə satsın?
Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu uzun illərdir dövlət əhəmiyyətli, tarixi abidənin şəxsi bağ evinin içində gizlədilməsinə reaksiya vermirlər? Göz yumur buna rəsmilər. Axı bu Azərbaycanın, Bakının, Abşeronun milli simvoludur. Tarix ərzində bu qala minlərlə insana işıq saçıb, yol göstərib.
Dairəvi qalanın təqribən yarısı, üst hissəsi, eləcə də mərtəbələri tamamilə dağılıb Qalanın. Çox maraqlıdır ki, tarixi abidənin bu vəziyyətdə uzun müddət qalmasını əsl möcüzə adlandırmaq olar. Bundan sonra nə qədər davam gətirəcəyi isə məlum deyil. Nə qədər ki, bizdə Mədəniyyət nazirliyi və icra hakimiyyətləri tarixə biganə olacaqlar, bu abidələrimiz də dağılıb yoxa çıxacaq
Dosent Zaur Əliyev