
Nəsib Məhəməliyev: "Bəzi icra başçılarının törətdikləri qanunsuz əməllər ört-basdır edilib"
Son günlər bir sıra icra hakimiyyətlərində aparılan yoxlamalar və aşkar edilən neqativ hallar cəmiyyətdə rezonans doğurub. Maraqlısı odur ki, əvvəlki illərdə də anoloji hallar müşahidə edilib və bir neçə icra hakimiyyəti başçısı korrupsiya və rüşvətxorluq əməllərinə görə, həbs olunub. Ancaq görünən odur ki, bəziləri yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmayaraq öz qanunsuz əməllərini davam etdirirlər. Bəs görəsən onları bu qanunsuzluqlara sürükləyən nədır? Bu və ya digər məsələlərlə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbətləşdik. Newscenter.az-a verdiyi müsahibədə millət vəkili icra hakimiyyətinin başçısı işlədiyi dövrlərdə qarşılaşdığı bəzi maraqlı faktları da açıqlayıb.
-Nəsib müəllim, son günlər yenidən bir sıra yerli icra hakimiyyətlərində məmurların rüşvət və korrupsiya halları aşkarlanır, həbslər həyata keçirilir. Maraqlıdır ki, bundan əvvəl də anoloji hadisələr olub. Bəs nə üçün bəzi məmurlar əvvəlki vaxtlarda aşkar edilən bu kimi faktlardan nəticə çıxarmayıb öz qanunsuz əməllərini davam etdirirlər?
-Son günlər, bəzi yerli icra hakimiyyəti orqanlarında məmurların rüşvət və korrupsiya hallarına görə həbs olunması, xoşagəlməz hadisələrdir. Siz doğru qeyd etdiniz ki, əvvəllər də belə hallar olub. İcra başçıları, nazirlər, yüksək səviyyəli məmurlar barədə həbs qəti imkan tədbiri seçilib. Bu hadisələr onu göstərir ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakterli deyil, müntəzəm aparılır. Kimliyindən, cəmiyyətdə tutduğu mövqeyindən, keçmişdəki xidmətlərindən asılı olmayaraq, hər kəs qanun qarşısında cavabdehdir. Əsas məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev dəfələrlə müxtəlif müşavirələrdə, hətta yeni təyin olunan icra başçılarını qəbul edərkən, neqativ halların qarşısının alınmasını məxsusi tapşırırdı. Əfsuslar olsun ki, bəzj məmurlar dövlət başçısının tövsiyə və tapşırıqlarına biganəlik nümayiş etdirməklə, ümumi siyasətimizə zərər vurdular. Bütün bunların kökündə duran əsas amil tamahdır. Tamahına sahib çıxa bilməyən şəxsdən hər növ pislik gözləmək olar.
-Sizcə, burada yalnız həmin məmurun qanunsuz əməlindən söhbət gedir, yoxsa onun da arxasında kimlərsə dayanır və onu sövq edir ki, prezidentin etimadını doğrultmaqdan daha çox, talançılığa yol versin?
-Həbs olunan məmurların əməllərində konkret faktlar, cinayət tərkibi yaradan hallar mövcuddur. Əks halda, məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilməzdi. Bununla bərabər, təəssüf hissi ilə vurğulamaq istərdim ki, sizin dediyiniz hallara da tez-tez rast gəlinəndir. Uzun illər ərzində dəfələrlə şahidi olmuşam ki, bəzi icra başçılarının törətdikləri qanunsuz əməllər ört-basdır edilib, yüksək səviyyəli dövlət məmuru tərəfindən bəzi qeyri-peşəkar, bütün əxlaq normalarını iqnor edənlər himayə olunub. Cəzasızlıq mühitində həmin adamların əsas amalı, talançılıq olub. Belə bir vəziyyətdə, etimadın doğrulmasından söhbət belə gedə bilməz. Tam səmimi deyirəm, arada elə şeylərlə rastlaşırsan, elə sözlər eşidirsən ki, dəhşətə gəlirsən. İnana bilmirsən ki, normal insan belə işlər görə bilə. Bütün mövcud qanunları, mənsub olduğumuz islam əxlaqını bu dərəcədə ayaqlar altına atmaq olarmı?. Şəxsi maraqlarına görə, on minlərlə insanın həyatını necə zəhərləyə bilərsən? Çox təəssüflər olsun ki, ətrafda belə cılız adamlar çoxdu. Hər şey ailədən gəlir. Daha doğrusu, ailə tərbiyəsinin olmamasından.
-Nəsib müəllim, siz də uzun illər icra hakimiyyətinin başçısı vəzifəsində çalışmısınız. Belə hallara cəhdlər müşahidə edilirdimi sizin rəhbərlik etdiyi icra hakimiyyətində və onu hiss etdiyiniz təqdirdə hansı addımı atırdınız?
- İcra orqanlarında işlədiyim dövrlərdə, təbii, bir çox hadisələrlə rastlaşmışam. Bilirsiniz, Azərbaycanın müstəqillik tarixi çox da böyük deyil. Nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk illəri olduqca keşməkeşli proseslərlə müşaiyət olunmuş, dövlətçiliyimiz möhkəmlənməmişdi. Qanunvericilik bazası formalaşmamışdı. Ustəlik bir milyon qaçqın, məcburi köçkün, xeyli sosial-iqtisadi problemlər vardı. Bəzi hallarda operativ qərarların qəbul olunması zərurəti yaranırdı. Hansı ki, onların da bir çoxunu həll etmək üçün qeyri-standart tədbirlər görülürdü. Obyektiv səbəblərdən hər şeyi qanun çərçivəsində həll etmək mümkün olmurdu. Bu da, keçid dövrünü yaşayan ölkələr üçün təbii haldır. Ancaq, mən nəfsinə sahib çıxan, dövlətə, dövlətçiliyimizə, sədaqətlə xidmət edən, hər bir davranışı ilə, xalqın rəğbətini qazanan xeyli sayda məmur tanıyıram. Həyatda hər kəsin oturuşmuş yaşam prinsipləri olur. Hansı ki, həmin prinsiplər uzun illər ərzində formalaşır və onlardan yayınmaq, görməzdən gəlmək olduqca çətindir. Ondan ötrü, gərək sifətdən sifətə girmək “artistlik istedadın” olsun. (bir çox məmurlarda olduğu kimi). İşlədiyim icra hakimiyyətlərində hər kəsdən tələb etdiym, maksimum qanunvericiliyə riayət edilməsi, ən əsası isə, istisnasız olaraq obyektivliyin qorunması, ədalətli davranmaq olub. Üzr istəyirəm, təvazökarlıqdan uzaq olsa da, məni tanıyan, mənimlə ünsiyyətdə olan hər kəs, dediklərimi təsdiq edə bilər. Mən qeyri-səmimi ola bilmirəm. Hər zaman iş yoldaşlarıma tapşırırdım ki, heç bir məsələyə bir tərəfli yanaşmasınlar. Daxil olan şikayətlərə bir neçə aspektdən yanaşsınlar. Yalnız o halda obyektivliyi qorumaq olar. Yeri gəlmişkən, yadıma düşən bir xatirəni sizlərlə bölüşüm. 2000-ci illərin əvvəllərində ölkədə aqrar islahatlarının qızğın dövrü idi. Keçmiş kolxozlara, sovxozlara məxsus torpaqlar, əmlak, həmin təsərrüfatların subyektləri arasında proporsional şəkildə bölünürdü. Kənd əhalisi üçün torpağın, əmlakın nə demək olduğu hər kəsə bəllidir. Təbii ki, minlərlə şikayətlər olurdu. İcra başçıları, eyni zamanda paralel olaraq, rayon aqrar-islahat komissiyalarının sədrləri funksiyasını da yerinə yetirirdilər. Təhlillər apardıq. Daxil olan ərizə və şikayətlərin tam əksəriyyəti subyektiv xarakter daşıyır, bir çox hallarda isə, məmurlar rüşvətxorluqda, korrupsiyada ittiham olunur, konkret adlar çəkirdilər. Vəziyyətdən çıxış yolu kimi, “aqrar islahatlarla bağlı şikayətlərin fərdi qaydada baxılmasını qadağan edən” sərəncam imzaladım. Rayon aqrar-islahat komissiyasının nəzdində ekspert komissiyası, yerlərdə 14 nəfərdən ibarət komissiyalar formalaşdırdıq. Həftədə iki dəfə həmin komissiyalar yığışır və bütün şikayətlərə, təkliflərə kollegial şəkildə baxılırdı. Məlumdur ki, bir-iki nəfərə rüşvət vermək olar, 14 nəfərə isə, yox. Yaxşı xatirimdədir, həmin vaxtlar bəzi mühafizəkar qruplar məndən prezident aparatına şikayət etdilər. O zamankı şöbə müdiri və bölgə kuratorunun iştirakı ilə ciddi mübahisələrimiz oldu. İzah etdim ki, problemin yeganə həll yolu budu və tam məsuliyyətlə deyirəm ki, ən uzağı iki aydan sonra şikayətlərin sayı sıfra enəcək. Elə də oldu. Kimsə rüşvətxorluqda ittiham olunmadı. Digər bir məsələ, torpaq aktlarının hər hansı bürokratik manelərə imkan vermədən, əhaliyə bilavasitə evlərdə paylanması oldu. Belə misalları saysız-hesabsız çəkmək mümkündür. Təkrar edirəm, hər yerdə və heç bir halda, ədalət hissini itirmək olmaz. Bütün hallarda insan özünü başqasının yerinə qoymağı bacarmalıdır.
-Bu günlərdə araşdırma aparılan rayoinlardan biri də deputat seçildiyiniz Balakən rayonu oldu və icra başçısı vəzifəsindən azad edildi. Seçicilərlə söhbətləriniz, görüşləriniz zamanı yerli icra hakimiyyətinin problemlərin həllinə laqeydliyini onlar sizə bildirirdilərmi?
- Təkcə Balakən yox, istənilən rayon üçün, icra hakimiyyəti başçısının həbs olunması, olduqca pis haldır. İstintaq gedir. Həbsin detalları barədə tam məlumatları bilmədən, nəsə demək düzgün olmazdı. Lakin, ümumiləşdirilmiş fikirlərimi bölüşə bilərəm. İcra başçısı, yeganə vəzifədir ki, cəmiyyətin bütün təbəqələri ilə ünsiyyətdə olur, müxtəlif idarə və müəssisə rəhbərlərinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin koordinasiyasını təmin edir, Prezidentin siyasətinin yerlərdə düzgün təbliğ edilməsini, ölkə qanunlarına riayət olunmasını təmin edir. İcra başçısı vəzifəsinə təqdim olunmuş kadrlar hərtərəfli yoxlanılmalı, şəxsi keyfiyyətlərinə diqqət yetirilməlidir. Balakən, coğrafi baxımdan iki dövlətlə sərhəddə yerləşən, çoxsaylı xarici ölkə nümayəndələrinin, diplomatların səfər etdiyi strateji rayondur. Balakənə, ümumiyyətlə, hesab edirəm ki, sərhəd rayonlarına təyin olunan rəhbər kadrlar siyasi cəhətdən hazırlıqlı, mənəviyyat baxımdan sağlam olmalıdırlar. Tutduğu vəzifənin məsuliyyətini dərk etməli, bütün davranışları, danışıqları ilə hər kəsə nümunə olmalıdırlar. Təəssüf ki, bəzi başçıların hərəkətləri birmənalı qarşılanmır, acı gülüş, İctimai rezonans doğurur. Təbii ki, seçicilərlə görüşlər zamanı başçının və digər məmurların hərəkətlərindən şikayətlər olurdu. Bir çox məsələləri bilavasitə başçının özünə, köməkçim müavinlərə və digər məmurların diqqətinə çatdırırdı. Bir məsələni də qeyd etməyi özümə borc bilirəm ki, ələlxüsus, nomenklatur məmurların fəaliyyətinə nəzarət mexanizminin həyata keçirilməsində, ictimai şüurda fərqli yanaşmalar mövcuddur. Bu məsələni təxminən doqquz il bundan öncə Milli Məclisin əvvəlki rəhbərliyinin nəzərinə çatdırsam da, dəstək verilmədi. Hesab edirəm ki, parlament tərəfindən, icra strukturlarına konstruktiv nəzarət funksiyası genişləndirilməlidir. Eyni zamanda, cənab Prezidentin hər zaman dediyi kimi, ictimai nəzarət gücləndirilməlidir. Əks halda, məmur özbaşınalığı, vətəndaşların incidilməsi halları olacaqdır. Bu istiqamətdə dövlətin əldə etdiyi gözəl, ASAN xidmət nümunəsi var.
Süleyman İsmayılbəyli










































