Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi ədalətin və milli qürurun bərpa edildiyi gün

Tarixi ədalətin və milli qürurun bərpa edildiyi gün


"2020-ci ilin Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 25 oktyabr tarixində Qubadlı şəhəri 28 illik işğaldan azad edildi. Bu zəfər Həkəri vadisinin kilidi sayılan strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad olunması ilə Böyük Qayıdışın təməlini qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu tarixi anı əbədiləşdirmək məqsədilə hər il 25 oktyabr "Qubadlı Şəhəri Günü" kimi təntənəli şəkildə qeyd olunur".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Pərvin Səmədova deyib. O bildirib ki, Qubadlı rayonu zəngin tarixi, əsrarəngiz təbiəti, sıldırım qayaları, bərəkətli torpaqları və igid insanları ilə tanınır:

"Həkəri və Bərgüşad çaylarının kəsişməsində yerləşən bu diyar əsrlər boyu regionun vacib mədəni və strateji mərkəzlərindən biri olmuşdur.

Ancaq 1993-cü il avqustun 31-də Qubadlının işğal edilməsi ilə rayonun yüzlərlə tarixi-mədəni abidəsi, bərpa olunmaz təbii sərvətləri vandalizmə məruz qaldı. Bütün bu çətinliklərə baxmayaraq, qubadlılılar doğma torpaqlarına qayıtmaq inamını heç vaxt itirmədilər. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərində dalğalandırılan üçrəngli dövlət bayrağı bu inamın və Azərbaycan əsgərinin qəhrəmanlığının təcəssümü oldu.

İşğaldan azad edildikdən sonra Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Müasir infrastruktur layihələri, yeni yollar, yaşayış kompleksləri və sosial obyektlərin tikintisi şəhərin simasını tamamilə yeniləyir. Qubadlının zəngin ekoloji potensialı və kənd təsərrüfatı imkanları nəzərə alınaraq, regionun dayanıqlı inkişafı üçün müasir "ağıllı" konseptlər tətbiq edilir".

Hakim partiya təmsilçisi qeyd edib ki, Qubadlı Şəhəri Günü yalnız bir ərazinin azad olunmasını deyil, həm də doğma ocaqlarına qayıdan insanların sevincini, şəhidlərimizin əziz xatirəsini və Vətən torpağının bölünməzliyini rəmziləşdirir:

"Bu tarixi gün münasibətilə xalqımızı təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla anırıq".

Anar
Xəbəri paylaş