
Türkiyə ilə Azərbaycan arasında münasibətlər minilliklərə söykənən möhkəm qardaşlıq əlaqələrinə əsaslanır. Müxtəlif dövrlərdə bu münasibətlərin daha da yüksəldiyi mərhələlər olub. Əsas məsələ Türkiyə-Azərbaycan əlaqələrinin hər zaman güclü olması və bundan sonra da inkişaf etməsidir.
Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.
O bildirib ki, hazırda iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanlar mövcuddur.
“Türkiyə ilə Azərbaycan arasında həqiqi qardaşlıq münasibətləri formalaşıb. Bəzən fikir ayrılıqları, kənar qüvvələrin təsirləri və proseslərin düzgün anlaşılmaması halları yarana bilər. Qarşılıqlı anlaşma və əməkdaşlıq sayəsində ikitərəfli münasibətlər daha da inkişaf edəcək. Hazırda dünya yeni nizamın formalaşdığı, beynəlxalq sistemlərin dəyişdiyi mürəkkəb mərhələdən keçir. Xüsusilə texnologiya sahəsində yeniliklər, qlobal güc mərkəzləri arasında rəqabət, təchizat zəncirlərinin təhlükəsizliyi, nəqliyyat və logistika məsələləri beynəlxalq gündəmin əsas istiqamətlərindəndir. Bu baxımdan Çinlə Avropa arasında yükdaşımaların həyata keçirilməsində Orta Dəhlizin əhəmiyyəti getdikcə artır”, - deyə TÜİB rəhbəri bildirib.
Çinin dünya istehsalında mühüm paya malik olduğunu qeyd edən Hüseyin Büyükfırat məhsulların beynəlxalq bazarlara, o cümlədən Avropa və Amerika qitələrinə çatdırılmasında alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini vurğulayıb: “Bu prosesdə Qazaxıstanın və Azərbaycanın əlverişli coğrafi mövqeyi, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu mühüm rol oynayır. Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyini gücləndirməklə yanaşı, Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Bu səbəbdən iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, yeni layihələrin həyata keçirilməsi, birgə müəssisələrin və istehsal sahələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
34 ildir Azərbaycanda yaşayıram və Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməyə çalışıram. İki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviq edilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması əsas məqsədlərimizdəndir. Bu istiqamətdə ardıcıl fəaliyyət göstəririk və gələcəkdə daha böyük nəticələr əldə edəcəyimizə inanırıq”.
Hüseyin Büyükfırat işğaldan azad edilmiş Qarabağda davamlı sabitliyin təmin olunmasının iqtisadi və turizm imkanlarının inkişafı baxımından əhəmiyyətini də qeyd edib. Bildirib ki, bu ərazilərdə turizm, mədənçilik və kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş potensial mövcuddur.
“Həmin imkanların reallaşdırılması Azərbaycanın iqtisadiyyatına töhfə verməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə də şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”, - deyə TÜİB sədri vurğulayıb.












































