Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanın artan enerji tələbatı Azərbaycan üçün yeni imkanlar yaradır

Hindistanın artan enerji tələbatı Azərbaycan üçün yeni imkanlar yaradır


Siyasi fikir ayrılıqlarının iqtisadi münasibətlərə mane olmadığı şəraitdə Azərbaycanla Hindistan arasında əməkdaşlığın genişlənməsi ölkəmiz üçün ciddi iqtisadi fayda yarada bilər.

Prezident İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etmsi bu baxımdan müsbət gözləntilər yaradır.

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu əməkdaşlığın əhəmiyyətini anlamaq üçün Hindistanın iqtisadi göstəricilərinə baxmaq kifayətdir:

"Ölkənin ümumi daxili məhsulu 2015-ci ildəki 2,08 trilyon dollardan 2025-ci ildə 3,91 trilyon dollara yüksəlib. Bu, 10 ildə 88 faiz, illik orta hesabla 6,5 faiz nominal artım deməkdir. BVF-un oktyabr proqnozuna görə Hindistan iqtisadiyyatı 2026 və 2027-ci illərin hər birində real olaraq 7 % artacaq. Halbuki, dünya iqtisadiyyatında isə 2026-cı il üçün 3,1 % artım gözlənilir.

BVF-nin hesablamalarına əsasən, Hindistan iqtisadiyyatının həcmi 2026-cı ildə 4,06 trilyon, 2030-cu ildə 6,13 trilyon, 2031-ci ildə isə 6,74 trilyon dollara çata bilər. Hazırda nominal ÜDM üzrə dünyada altıncı yerdə olan Hindistanın 2027-ci ildə dördüncü, 2031-ci ildə isə Almaniyanı ötərək 3-cü yerə yüksələcəyi proqnozlaşdırılır.

Bu artımın arxasında 1,48 milyardlıq əhali, geniş daxili bazar, əmək ehtiyatları və texnologiya sektorunun inkişafı dayanır. 2025 - 2026-cı maliyyə ilində Hindistanın mal və xidmət ixracı 863,1 mlrd. dollara çatıb. Süni intellekt sahəsinə özəl investisiyalar isə 2024-cü ildəki 1,2 mlrd. dollardan 2025-ci ildə 4,1 mlrd. dollara yüksəlib"

İqtisadçı qeyd edib ki, belə böyük bazarla Azərbaycanın iqtisadi əlaqələri hələ mövcud potensialdan xeyli aşağıdır:

"İki ölkənin ticarət dövriyyəsi 2005-ci ildə 50 mln. dollar olduğu halda, 2023-cü ildə 1,435 mlrd. dollara çatıb. Həmin il Hindistan Azərbaycan neftinin üçüncü ən böyük ixrac bazarı olub. Lakin 2025-ci ildə ticarət dövriyyəsi 72 faiz azalaraq 401 milyon dollara düşüb. Bunun 175 milyon dolları ixrac, 226 milyon dolları idxal olub. İxracımızda əsas yeri yenə neft tutub.

Hindistanın artan enerji tələbatı, Yaxın Şərqdəki gərginlik və təchizat mənbələrini şaxələndirmək siyasəti Azərbaycan üçün yeni imkanlar yaradır. Üstəlik, əməkdaşlıq yalnız neft satışından ibarət deyil. Hindistanın ONGC Videsh şirkəti Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrinə 1,2 milyard dollardan çox sərmayə yatırıb. Yeni investisiyalara da maraq göstərilir.

Turizm də perspektivli sahədir. 2025-ci ildə Azərbaycana Hindistandan 166 944 turist gəlib və bu ölkə turist sayına görə 4cü yeri tutub.

Lakin Hindistanla əməkdaşlığın ən böyük strateji imkanlarından biri Şimal-Cənub d əhlizidir. Rusiya, İran və Hindistanın təşəbbüsü ilə formalaşan layihəyə Azərbaycan 2005-ci ildə qoşulub. Dəhliz Hindistan və Fars körfəzindən gələn yüklərin İran, Azərbaycan və Rusiya üzərindən digər bazarlara daşınmasına imkan verir. Azərbaycanın həm İran, həm də Rusiya ilə quru sərhədinin olması burada mühüm üstünlükdür.

Hindistanın İranın Çabahar limanına marağı da təsadüfi deyil. 2024-cü ildə imzalanmış 10 illik müqavilə çərçivəsində 120 mln. dollarlıq maliyyə öhdəliyi və 250 mln. dollarlıq kredit xətti nəzərdə tutulub. Məqsəd Hindistanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Rusiya bazarlarına çıxışını genişləndirməkdir. Azərbaycan bu ticarət əlaqələrinin mühüm tranzit iştirakçısına çevrilə bilər.

Bunun üçün İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmir yolunun tamamlanması da vacibdir. Dəhlizin potensialına dair hesablamalarda daşınma müddətinin ənənəvi dəniz marşrutları ilə müqayisədə 45-60 gündən 20-25 günə enməsi nəzərdə tutulur.

Hazırda İran-İsrail qarşıdurması, Rusiya-Ukrayna müharibəsi və sanksiyalar bu imkanların reallaşmasını çətinləşdirir. Lakin münaqişələrin həlli və münasibətlərin normallaşması Şimal-Cənub dəhlizinin iqtisadi əhəmiyyətini artıra bilər. Azərbaycanın Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi infrastrukturları da bu prosesdən faydalana bilər.

Beləliklə, yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməsi gözlənilən Hindistanla əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün böyük iqtisadi imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə enerji, turizm, nəqliyyat dəhlizləri, logistika, qeyri-neft ixracı, ticarət, xidmətlər və qarşılıqlı investisiyalar sahələrinin inkişafına ciddi töhfə verə bilər".

Süleyman
Xəbəri paylaş