Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatdırılacaq!

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatdırılacaq!


Hər tarix tarixi hadisə kimi anılmır. Hər hadisə də tarixi hadisə deyil. Dövlətlə, dövlətçiliklə, xalqla bağlı olmayan hadisə tarixi hadisə kimi nə yaşadılır, nə də xatırlanır. Azərbaycan gerçəkliklərinin son dövrü tarixi hadisələr dövrü oldu. İkinci Qarabağ müharibəsinin başlaması, ordumuzun uğurlu əks-hücum döyüşləri, ilk qələbələr, Böyük Qələbəyə aparan, onu şətləndirən qələbələr, qəhrəmanlıq döyüşləri, şəhidlik, şəhidlər, Şuşanın işğaldan azad edilməsi, üçtərəfli Bəyanat imzalanması, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, sərhəd bütövlüyünün tam bərpa olunması tarixi hadisələrdir və hər bir azərbaycanlı, siyasəti bəşəriliyə əsaslanan dövlətlər bu hadisələri tarixi hadisələr kimi yaşadacaq...

Ermənistan Azərbaycanın ərazilərinə öz hərbi gücü ilə hücum edə bilməzdi. Bunu havadarı olan bəzi dövlətlərdən istər siyasi, istərsə də hərbi dəstək almaqla həyata keçirərdi. Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal olundu...
İşğal nəticəsində Qubadlıda 94 yaşayış məntəqəsi, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü, ... dağıdıldı, 29 997 nəfər köçkünlüyə düçar oldu. Qubadlılar da əmin idi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə müharibəni sonlandıracaq, işğala son qoyulacaq.

2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın döyüş əmri ilə İkinci Qarabağ müharibəsi başladı. Ordu hissələrimiz qətiyyətlə döyüşürdü. Bu döyüşlər tarixin bətnindən dikələn döyüşlər idi, Azərbaycan üçün ədalətli müharibənin döyüşləri idi. Azərbaycan Ordusu bu müharibədə tarixi Zəfəri ayrı-ayrı əraziləri işğaldan azad etməklə qazanırdı. Ordu hissələrimiz döyüşə-döyüşə düşməni geri çəkilməyə məcbur edirdi, yaşayış məntəqələrini, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”...

Düşmən Qubadlının şərti sərhədləri boyunca güclü istehkamlar yaratmışdı. Qubadlının hüdudlarında da, şəhərdə də düşmənin mobil qüvvələri mövqelənmişdi. Ordu hissələrimizə döyüş əməliyyatına yüksəkliklərin, şəhərə yaxın kəndlərin ermənilərdən təmizlənməsi ilə başlamaq əmr edilmişdi. Ağır döyüşlər başladı...

Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi, düşmənin qüvvələri strateji yüksəkliklərdən uzaqlaşdırıldı. Oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbə haqqında qürurla dedi: “...Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”... 
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı...

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.

Hər qələbə hünərin tarixidir, hər Zəfər dövlətçiliyin təntənəsidir. Bu gerçəkliklər Azərbaycanda böyük tarixi hadisə kimi yaşadılmaqdadır, yaşadılacaq da.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu Sərəncam həm də dövlətçiliyə sədaqətin Sərəncamı oldu. Bu Sərəncamla hər şəhər üçün tarixi gün müəyyənləşdirildi. 25 oktyabr Qubadlı şəhəri Günüdür...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə dövlətçilik strukturları yaradılmaqla ərazilərin yenidən qurulmasına başlanıldı. İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 2021-ci il oktyabrın 27-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı.
İşğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qubadlıda da dəfələrlə səfərdə olub. Bu səfərlər Qubadlının yenidən qurulmasını daha da sürətləndirib.

İyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanıldı. İndi ərazidə tikinti uğurla davam etdirilir. Ümumi ərazisi 3,34 hektar olan yaşayış kompleksinin layihəsinə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil (iki və üç otaqlı) olacaq. Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur...

2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Xanlıq-Qubadlı yolunun, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, Qubadlı şəhərində 91 yataqlıq Mərkəzi Xəstəxana binasının, “Qubadlı” yarımstansiyasının, ... açılış mərasimi olub...

Qubadlı şəhəri Günü də böyük bir inamla qeyd olunur: İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatdırılacaq. Bu, Azərbaycan gerçəkliklərinin məntiqi davamı olacaq!

Səbinə XASAYEVA.
Milli Məclisin deputatı
Xəbəri paylaş