
Dünya dəyişsə də, ermənilərin xisləti heç vaxt dəyişmir. Ermənistanın istər anklavların qaytarılması və TRIPP layihəsinin gerçəkləşdirilməsi, istərsə də yeni konstitusiya ilə bağlı məsələlərdə konkret addımlar atmaması bir tərəfdən, baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalana biləcəyini deməsi və xarici işlər naziri Ararat Mirzoyanın TRIPP layihəsi çərçivəsində Zəngəzurdan (Mehri) yalnız dəmir yolununun çəkilə biləcəyini bəyan etməsi isə digər tərəfdən rəsmi İrəvanın sülh prosesini qəsdən yubatmaq niyyətlərindən xəbər verir. Bəli, bu, ermənilərin yenə köhnə oyunlara qayıtmağa başladıqlarını göstərir. Çünki ermənilər daxilən, mental olaraq sülhə meylli toplum deyil.
Bəs, hər fürsətdə "sülh" gündəliyindən dəm vuran Nikol Paşinyan və onun baş diplomatı Ararat Mirzoyanı köhnə oyunlara qayıtmağa motivə edən səbəblər nədir? Onlar sülh prosesini qəsdən uzatmaqla nəyə nail olmaq istəyirlər? Paşinyan və Mirzoyanın avantürist davranışlarını anlamaq üçün ilk növbədə Ermənistanın daxilindəki siyasi reallıqlara, beynəlxalq balanslara və İrəvanın özünü hansı təhlükəsizlik mühitində gördüyünə baxmaq lazımdır. Çünki Ermənistan rəhbərliyi sülhü yalnız prinsip kimi yox, həm də daxili siyasi alət, zaman qazanma mexanizmi və xarici dəstək axtarışı vasitəsi kimi istifadə etməyə çalışır.
Paşinyan üçün hazırda ən vacib məqsəd daxildə siyasi mövqeyini qorumaqdır. Müharibədən, məğlubiyyətlərdən və ağır itkilərdən sonra Ermənistan cəmiyyətində güclü narazılıq var. Hökumət isə eyni vaxtda həm sülh tərəfdarı görünmək, həm də radikal ittihamlardan yayınmaq istəyir. Buna görə də rəsmi İrəvan çox vaxt konkret öhdəliklərdən qaçır, prosesi uzadır və qərarları gələcəyə saxlayır. Bu, bir tərəfdən daxili auditoriyaya “biz milli maraqları satmırıq” mesajı vermək üçündürsə, digər tərəfdən mümkün etiraz dalğasını idarə etmək cəhdidir.
Eyni zamanda, Ermənistan rəhbərliyi ümid edir ki, zaman keçdikcə regiondakı geosiyasi şərait dəyişəcək və bu dəyişiklik onların mövqeyini nisbətən gücləndirəcək. İrəvan hesab edir ki, beynəlxalq diqqət, Qərbin Rusiyaya münasibəti, Cənubi Qafqazdakı qüvvələr nisbəti və qlobal gündəm dəyişdikcə daha sərfəli şərtlər əldə etmək mümkündür. Paşinyanın əcaib məntiqinə görə, sülh müqaviləsini ləngitmək bəzən məqsəd deyil, taktika olur. Yəni sülh sazişinə bugünkü şərtlər daxilində imza atıb bütün öhdəlikləri qəbul etməkdənsə, vaxt udmaq və daha əlverişli sülh paketi əldə etmək yaxşıdır.
Bu, həm Paşinyan və onun komandasının, həm də bütövlükdə Ermənistanın ənənəvi "ikili oyun" siyasətinin davamıdır. Ona görə də Nikol Paşinyan və Ararat Mirzoyanın bu cür ziddiyyətli bəyanatları, əslində, müəyyən hesablanmış məqsədlərə xidmət edir. Onları bu "köhnə oyunlara" motivə edən əsas amillər baxımından, prosesi süni şəkildə uzatmaq taktikası ilə Paşinyan ilk növbədə xarici qüvvələrin dəstəyini və maraqlarını tarazlamaq məqsədini güdür. Bəli, İrəvanın sülh prosesini yubatmasının ən böyük səbəblərindən biri regionda marağı olan kənar güclərin (Qərb və ya bəzi regional aktorlar) dəstəyinə arxalanmaq cəhdidir. Paşinyan inanır ki, zaman qazanmaqla Ermənistan üçün daha əlverişli geosiyasi şərait formalaşa bilər və ya beynəlxalq təzyiq vasitəsilə Azərbaycanın mövqelərini yumşaltmaq mümkündür.
TRIPP layihəsi və Zəngəzur üzərində nəzarəti qorumaq da rəsmi İrəvan üçün çox vacibdir. Bu baxımdan, Ararat Mirzoyanın Mehridən yalnız dəmir yoluna icazə verilə biləcəyi ilə bağlı bəyanatı, əslində, Azərbaycanın və regionun iqtisadi potensialının artmasına mane olmaq, Zəngəzur dəhlizi üzərində suveren hüquqların məhdudlaşdırılmasına nail olmaq cəhdidir. Çünki ermənilər kommunikasiyaları nəzarətsiz buraxmaqdan qorxurlar.
Bütün bunların fonunda rəsmi İrəvan sülhü bir məqsəd və nəticə kimi deyil, beynəlxalq ictimaiyyətin gözündə "demokratik və sülhpərvər" imicini saxlamaq üçün bir vasitə kimi görür, alət kimi istifadə edir. Sülh danışıqlarını "danışıqlar naminə danışıqlar" formatına salmaqla, onlar özlərinə qarşı mümkün sanksiyalardan və ya sərt təzyiqlərdən yayınmağa çalışırlar. Ona görə də İrəvanın sülh prosesini qəsdən uzatmaqla hədəflədiyi əsas şey, mövcud status-kvonu mümkün qədər uzun müddət qorumaq və Azərbaycanı güzəştlərə məcbur etmək üçün xarici faktorların müdaxiləsini təmin etməkdir. Lakin bu taktika, nəticə etibarilə, Ermənistanın özünün iqtisadi və siyasi izolyasiyasını daha da dərinləşdirir. Tarix göstərir ki, real sülh üçün xarici dəstəyə və ya "köhnə oyunlara" deyil, bölgənin yeni reallıqlarını qəbul edən cəsarətli siyasi iradəyə ehtiyac var. Ermənistan rəhbərliyi nə qədər ki, sülhü bir alət kimi, siyasi alver vasitəsi kimi qəbul edəcək, bu oyunlar da davam edəcək.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































