
"Rusiya və Ukrayna müharibəsinin ətrafındakı danışıqlar atəşkəsə doğru gedir. Ukrayna prezidenti V. Zelenski Fox News televiziya kanalına verdiyi müsahibədə hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatları dondurmağa razılığını bildirib. Ukraynanın ərazisinin 75%-i və ya daha çoxu üzərində nəzarət Kiyev tərəfdə, 25%-i isə hüquqi deyil, fiziki olaraq Rusiya nəzarətində qalır".
Newscenter.az xəbər verir ki, bunları deyən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın sözlərinə görə, Rusiya tərəfdə qalan ərazilərə 2014-cü ildən bəri Moskva tərəfdən nəzarət edilən Krım yarımadası və Sevastopol şəhəri, Donbasın çox hissəsi, Luqansk vilayəti və Donetsk vilayətinin böyük hissəsi, 2022-ci ilə qədər DXR və LXR tərəfindən nəzarət edilən ərazilər, eləcə də Mariupol, Baxmut, Avdievka və digər şəhərlər daxildir:
"Bundan başqa Zaporojye bölgəsinin Melitopol, Berdyansk rayonlarının əksəriyyəti, Enerqodar, Zaporojye Atom Elektrik Stansiyası da daxil olmaqla və Xerson bölgəsinin Dnrprin sol sahil hissəsi, Xarkov bölgəsinin kiçik sərhəd əraziləri də Rusiyanın nəzarətində qalacaq. Ancaq burada bir məsələ var ki, razılaşma yalnız hazırda faktiki təmas xətti boyunca hərbi əməliyyatların müvəqqəti halda dondurulmasına (atəşkəs) aiddir və Kiyevin bu əraziləri Rusiya ərazisi kimi rəsmi tanıması demək deyil. Atəşkəs sonrası Ukrayna diplomatik və texniki razılaşmaya keçməyi planlaşdırır və həm də, ABŞ və Avropadan ciddi təhlükəsizlik zəmanətləri tələb edəcək".
Süleyman












































