Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənin gələcəyi dövlətin və xalqın ortaq məsuliyyətindən başlayır

Vətənin gələcəyi dövlətin və xalqın ortaq məsuliyyətindən başlayır


Dövlətçilik fəlsəfəsinin ən mühüm və strateji suallarından biri də məsuliyyət məsələsidir. Yəni həm dövlətin, həm də xalqın məsuliyyəti çox vacib elementdir. Əslində, bu, dövlətçilik fəlsəfəsinin mahiyyətidir. Çünki xalq olaraq biz məsuliyyətsizliyə yol versək, cəmiyyətin dayaqlarını zəiflədərik. Dövlətin məsuliyyətsizliyi isə həmin dayaqları qoruyan mexanizmləri zəiflədir və sarsıdır. Bu iki amil bir-birinə bağlıdır və hər bir tərəf dövlət üçün öz məsuliyyət payını düzgün istifadə etməlidir. Çünki başımıza gələn, başımıza gətirilən bütün fəlakətləri özümüz yaşamışıq. Onların acısını özümüz hiss etmişik, ağrısını biz çəkmişik. Heç kim bizim əvəzimizə bu hissləri, bu taleyi yaşaya bilməz və yaşamayıb. Son tarixi nümunə Qarabağ məsələsi olub. Problemi yaratdılar, sonra həll etmək üçün sözdən başqa heç bir ciddi addım atmadılar. Amma Zəfəri kim qazandı? Şanlı ordumuz və çevik, müdrik diplomatiyamız! Şəhidlər verdik, Allah rəhmət eləsin. Qan tökdük, qazilərimiz var, Allah şəfalarını versin. Yenə də bu acıları biz yaşadıq. Bizim övladlarımız Vətən torpağının qeyrətlə namusunu qorudu. Yalnız özümüz üzərimizə düşən vətəndaş məsuliyyətini dərk etməliyik. Vətən və dövlət maraqlarından üstün heç bir maraq bizim üçün yoxdur.
Biz qanunlara əməl etməli, ictimai qaydaları pozmamalı, şəxsi maraqları ümumi mənafedən üstün tutmamalı, dövlətin və cəmiyyətin taleyinə biganə yanaşmamalıyıq. Şayiələrə inanmamalıyıq. Bizim üçün ən düzgün informasiya rəsmi informasiya olmalıdır.
Biz dövlətin qanunlar qarşısında məsuliyyət öhdəliyini tanımalıyıq. Vətəndaşların hüquq və təhlükəsizliyinin qorunması öhdəliyini dərk etməliyik. Dövlətin məsuliyyəti təkcə qərar vermək deyil, həm də verdiyi qərarların nəticələrinə və onların icra mexanizmlərinə görə məsuliyyət daşımaqdır. Biz bunu dərk etməliyik. Xalq dövlətin ictimai dayağı olmalıdır və bu dayağın qorunmasına dövlət cavabdehdir. Dövlət həm də hesabatlılıq nümunəsi göstərməlidir.
Biz zaman-zaman görmüşük ki, ölkə başçısı dəfələrlə öz çıxışlarında görülən və görüləcək işlərlə bağlı mesajlarını verib. Amma bizim ən şanlı və qürurlu hesabatımız Zəfərimizdir!
Suverenliyimiz, müstəqilliyimiz xalqımızın azad yaşamasının təminatıdır. Biz bu iki münasibətlər sistemini etimad prinsipi əsasında qurmuşuq və ölkəmizin dayanıqlığını möhkəmləndirmişik. Biz çox sağlam dövlətçilik modeli qurmuşuq. Qarşılıqlı münasibətlərdə qanunun aliliyini və hər tərəfin öz məsuliyyətini dərk etməsini əsas götürməliyik. Bu dövlət keçmişdən bizə əmanətdir. Bu əmanəti bizə həvalə edənlərə ehtiramın ifadəsi olaraq milli-mənəvi dəyərlərimizə sığınaraq, ictimai və milli birliyimizi qoruyaraq dövləti gələcək nəsillərə ötürmək bizim müqəddəs və şərəfli məsuliyyətimizdir. Çünki bizim əsas amalımız birdir.

Ramil Hwseynov
Xəbəri paylaş