
Elə olaylar olur, baxırsan özündən böyük həqiqətləri yaxud gerçəkləri birər-birər üzə çıxarır. Hansısa bir küçənin mənzərəsinin bütöv bir siyasi dönəmin mənəvi mənzərəsinə çevrildiyi vaxtlar da olur bəzən. Bəzən də düzülən polis kordonu, əslində, siyasətin qarşısında dayanan müəyyən sualları görünən edir.
Budur, İstanbulda Azərbaycan Baş Konsulluğunun yerləşdiyi küçənin silahlı polis qüvvələri tərəfindən gücləndirilmiş mühafizəyə götürülüb; sizcə, bu da, belə hadisələrdən sayıla bilərmi?
Əlbəttə, polis öz vəzifəsini yerinə yetirir; zatən diplomatik nümayəndəliyin təhlükəsizliyini təmin etmək beynəlxalq hüquqdan irəli gələn öhdəlikdir; ancaq bizi düşündürən polisin orada bu səviyyədə iştirakını zəruri edən ortamdır.
“Bir millət, iki dövlət” dediyimiz və deyəcəyimiz qardaş ölkənin ən böyük şəhərində Azərbaycanın diplomatik nümayəndəliyi çevrəsində belə təhlükəsizlik tədbirlərinə niyə ehtiyac yaranıb axı? Nə dəyişib ki, İstanbulda Azərbaycan dövlətinin konstitusion quruluşuna qarşı radikal çağırışlar səsləndirilir?
Belə sualları vermək qətiyyən Türkiyəni ittiham etmək anlamına gələ bilməz. Əksinə, Türkiyəni özümüzünkü bildiyimiz, onun gələcəyinə öz gələcəyimiz qədər həssas yanaşdığımız üçündür sualımız da, cavab arayışımız da.
Biz Azərbaycan şəhərlərində olduğu kimi, İstanbulun İstanbul, Ankaranın Ankara olmasını, Konya, Sivas və Ərzurumun öz tarixi-mədəni kimliyinə sadiq qalmasını istəsək, qüsur etmərik. Və biz türk şəhərlərinin siyasi teokratiyanın ideoloji mərkəzlərinə çevrilməsini qətiyyən istəmirik.
Biz Atatürkçü, dünyəvi Cümhuriyyətin siyasi xurafatın özünü rahat hiss etdiyi bir ölkəyə çevrilməsini istəməmə haqqına sahib deyilikmi?
Bu, nə Arazın o tayındakı xalqa qarşı münasibətdir, nə də Ümid körpülü Naxçıvandan qarşı yaxadakı insanların dini inancına etiraz... Bu, dinin siyasi hakimiyyət texnologiyasına, inancın ideoloji itaət mexanizminə, qutlu dəyərlərin dünyəvi dövlətçiliyə qarşı silaha çevrilməsinə səmimi etirazdır.
Axı, biz nəyi müzakirə edirik?
Azərbaycan məktəblərində vahid geyim qaydalarınımı, yoxsa Azərbaycan Respublikasının dünyəvi dövlət quruluşunumu? Uşaqların təhsil hüququnumu, yoxsa bir dövlətin başqa dövlətə hansı ideoloji model əsasında yaşamalı olduğunu diktə iddiasınımı?
Əgər söhbət təhsil hüququndan gedirsə, buyurun, hüquqi, pedaqoji, ictimai müzakirə aparılsın. Əgər söhbət vicdan azadlığından gedirsə, onun konstitusion təminatlarını, hüquq və azadlıqların qarşılıqlı məsuliyyətini danışaq. Ancaq məktəbli geyimindən, guya hicabın ölkə boyu hər yaş və hər yer üçün qadağan edilməsindən başlayıb xilafət çağırışlarına gəlib çıxmaq… təhsil müzakirəsi ola bilməz. Türk-İslam coğrafiyası sayılan, işğaldaykən məscidləri dağıdəlan və ya donuz doldurulan Qarabağı azadlığa qovuşduran, yüzlərlə yeni məscidin tikilməsinə, bərpasına münbit ortam yaradan Liderin ünvanına İslam düşmanlığı iddiasında bulunmaq yaramazlığın tam özüdür.
Bu, siyasi-ideoloji məqsədin dini həssaslıq üzərindən ifadəsidir.
İstanbul və Ankarada Azərbaycan diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda bax, belə çağırışların səsləndirilməsi məsələnin mahiyyətini daha aydın göstərir.
Bizi rahatsız edən kiminsə dindar olması ola bilməz. Bizi rahatsız edən dinin ifrat siyasiləşdirilməsi, vətəndaşın hüquqi statusunun dini mənsubiyyətlə əvəzlənməsi, toplumun ortaq qanunlar əsasından çıxıb da, ideoloji itaət əsasında idarə olunması düşüncəsidir.
Çün xurafat keçmişdən qalan yanlış təsəvvürlər toplusu olmaqdan savayı siyasi gücə çevrildikdə gələcəyi də əsir almaq iddiasına düşür.
Qardaş Türkiyə bu təhlükəni öz tarixi təcrübəsindən yaxşı tanıyır. Bax, elə bu anlamda da, Osmanlıdan Cümhuriyyətə keçidin yalnız idarəetmə formasının dəyişməsi olmadığı bəllidir. Bu, təhsilin, hüququn, vətəndaşlığın, dövlət hakimiyyətinin legitimlik əsaslarının yenidən müəyyənləşdirilməsi idi. Qazi Mustafa Kamal Paşa Atatürkün böyüklüyü həm də yeni dövlətin gələcəyini dünyəvi hüquq və milli suverenlik prinsipləri üzərində təsəvvür etməsindəydi.
Türkiyə Cümhuriyyəti bu baxımdan bütövlükdə Türk dünyasının siyasi çağdaşlaşma tarixində önəmli hadisədir.
Azərbaycanın 1918-ci ildə Cümhuriyyət qurması, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi və öz konstitusion inkişaf yolunu dünyəvilik prinsipi əsasında müəyyənləşdirməsi də eyni böyük tarixi istiqamətin özünəxas təcəllisidir.
Bizim ortaq gələcəyimiz orta yüzillərin siyasi institutlarını diriltməkdə şəkillənə bilərmi? - Əsla, yox! - XXI yüzilin elm, təhsil, texnologiya, hüquq və mədəniyyət imkanlarını milli-mənəvi dəyərlərimizlə uzlaşdırmaqdadır ortaq gələcək.
Toplumda yaranan ideoloji qütbləşmənin, dini ritorikanın siyasi mübarizədə istifadəsinin, radikal çağırışlara münasibətdəki ziddiyyətlərin aydın siyasi izahı olmalı.
Bəli, biz qardaş dövlətik, strateji müttəfiqik. Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsini təsbit edir. Bütün bunlar çox qiymətlidir, tarixi önəm daşıyır. Ancaq qardaşlıq yalnız dövlətlərarası bəlgələrlə yaşamır; onun ictimai mühitdə də qorunmasına ehtiyac görünür.
Bir sıra siyasi və media dairələrində Azərbaycan haqqında səsləndirilən əsassız ittihamlar, bizim dövlətçilik seçimimizə qarşı ideoloji hücumlar cavabsız qaldıqda, bu münasibətlərin mənəvi əsasları da zədələnə bilər.
Biz hər dini təşkilatı radikal, hər etirazçını düşmən, hər tənqidi təxribat adlandırmırıq. Ancaq dini etiqad azadlığını müdafiə etmək adı ilə başqa ölkənin konstitusion quruluşunu hədəfə almaq, xilafət çağırışlarını dövlətlərarası münasibətlər müstəvisinə daşımaq da adi fikir müxtəlifliyi kimi təqdim edilə bilməz.
Sözügedən olayların qarşısında hökumətin hansı hüquqi və siyasi mövqe tutması, radikal ideoloji mühitin genişlənməsinə qarşı nə etməsi, necə deyərlər, legitim hesabatlılıq məsələsidir.
Qardaş ölkənin iqtisadi çətinlikləri, iç siyasi qarşıdurmalar, əlbəttə, bizim üçün də xoş deyil. Heç nə əsassız ittihamları siyasi gündəmin alətinə çevirməyə haqq qazandırmır.
Bir də görürsən, Azərbaycana dünyəvilik dərsi vermək istəyənlər çıxır; bir də görürsən, dünyəviliyi günah sayanlar Azərbaycan dövlətinin necə idarə olunmalı olduğunu söyləməyə çalışır... Bu ziddiyyətin özü düşündürücüdür.
Azərbaycan nə öz dünyəviliyinə görə üzr istəməlidir, nə də dini etiqad azadlığını ideoloji mərkəzilərin siyasi təsəvvürlərinə uyğunlaşdırmalıdır.
Azərbaycan dövləti öz Konstitusiyası, öz qanunları, öz suveren iradəsi əsasında idarə olunur.
Və dosgluq-qardaşlıq da bu qarşılıqlı suverenliyə sayğı üzərində dayanmaqla yaraşıqlı olur.
Biz Türkiyəni bir və ya bir neçə partiyadan ibarət görmürük. Türkiyə yalnız bugünkü iqtidar partiyası deyil. Türkiyə Atatürkdür, Cümhuriyyətdir, Anadolu maarifçiliyidir, Yunus Əmrədir, Mövlana irsidir, Namiq Kamaldır, Ziya Göyalpdır, Hüseyn Nihal Atsızdır; Türkiyə universitetləri, bilim ocaqları, sənayesi, sənəti, vətəndaş cəmiyyəti və böyük dövlətçilik yaddaşıdır.
Türkiyə bizim üçün Çanaqqaladır, Qafqaz İslam Ordusudur, Nuru Paşadır, Bakının qurtuluşudur. Türkiyə Qarabağ Zəfəri günlərində Azərbaycanın yanında dayanan türk xalqının qardaşlıq iradəsidir.
Bu qədər böyük tarixi və mənəvi sərvəti bir ovuc radikalın şüarlarına, yaxud hansısa siyasi çevrənin gündəlik çıxarlarına qurban vermək olarmı?
Türkiyənin nüfuzlu aydınlarının bu aksiyalara qarşı açıq mövqe bildirməsi də göstərir ki, Türkiyədə qardaşlıq münasibətlərinin dəyərini bilən güclü ictimai və dövlətçilik düşüncəsi yaşayır.
Elə bizim də sözümüz həmin dövlətçilik düşüncəsinədir.
Biz qardaşlığımızın bayraqlarda, törənlərdə, rəsmi çıxışlarda olduğu kimi, ictimai şüurda, təhsildə, siyasi mədəniyyətdə, qarşılıqlı sayğıda da yaşamasını istəyirik, əlbəttə.
Əlbəttə, biz dinə qarşı olmamımışıq, amma dinin siyasi istismarına qarşıyıq; biz inanca qarşı deyil, inanc üzərindən cəhalətin, mahiyyətsiz itaətkarlığın təşkilatlanmasına qarşıyıq; biz mənəviyyata qarşı yox, mənəviyyatın siyasi bazarlıq predmetinə çevrilməsinə qarşıyıq.
İslam sivilizasiyasının elm, fəlsəfə, ədəbiyyat və mədəniyyət tarixindəki böyük xidmətlərini qiymətləndirmək başqa şeydir, dini dövlət hakimiyyətinin mütləq ideoloji əsasına çevirmək bir başqa...
Əkbər Qoşalı











































