
"Yeni yol və nəqliyyat bağlantıları, metro əlçatanlığı, ictimai məkanların yaradılması, ərazinin yenilənməsi və sosial infrastrukturun yaxşılaşması müəyyən ərazilərin cəlbediciliyini yüksəldə bilər. Nəticədə həmin ərazilərdə mənzilə tələb və qiymətlərin artması mümkündür. Bununla belə, bu təsirin miqyası layihənin real faydasından, icra müddətindən və bazarın həmin dəyişiklikləri nə dərəcədə qiymətlərə daxil etməsindən asılıdır".
Newscenter.az xəbər verir ki, bunları əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli müəyyən ərazilərdə daşınmaz əmlak qiymətlərinin artmasının səbəblərindən danışarkən deyib. O bildirib ki, investisiya gözləntiləri və bazar iştirakçılarının davranışı da mühüm əhəmiyyət daşıyır:
"Bəzi alıcılar mənzili yaşamaq üçün deyil, gələcəkdə daha yüksək qiymətə satmaq və ya icarə gəliri əldə etmək məqsədilə alırlar. Əgər bazarda qiymətlərin davamlı artacağına dair gözləntilər güclənirsə, bu, əlavə investisiya tələbi yarada bilər. Lakin gözləntilər əsasında formalaşan qiymət artımını həmişə daşınmaz əmlakın fundamental dəyərindəki artımla eyniləşdirmək olmaz".
Süleyman











































