
"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik qabiliyyəti və Ordumuzun şücaəti nəticəsində erməni işğalından azad olunan doğma ərazilərimizdən biri də Zəngilan rayonu olmuşdur. Bu gün artıq Zəngilana yeni həyat, yeni nəfəs qayıdıb. Şəhər günbəgün çiçəklənir, inkişaf edir. Zəngilanın yenidən həyata qayıtması tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılmasını tələb edir. Dağıdılmış abidələrin vəziyyətinin öyrənilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması xalqımızın keçmişinə ehtiramın ifadəsidir. Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması da bu istiqamətdə mühüm addımlardandır. Belə layihələr dini-mədəni irsin yaşadılmasına, insanların doğma torpaqları ilə mənəvi bağlarının möhkəmlənməsinə xidmət edir. Tarixi abidələrə sahib çıxmaq, onların həqiqi tarixini qorumaq və beynəlxalq ictimaiyyətə çatdırmaq milli yaddaşın müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, bu gün Zəngilan yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil, həm də Azərbaycanın gələcəyə inamının və quruculuq əzminin ifadəsidir. “Zəngilanın azad olunmasına görə” medalına layiq görülən hərbçilərimizin şücaəti bu qələbənin hər bir səhifəsində yaşayır. Şəhidlərimizin qanı ilə azad edilən torpaqlarda yeni yaşayış məntəqələrinin salınması, tarixi abidələrin qorunması və sakinlərin mərhələli şəkildə doğma yurda qayıtması Zəngilanın yeni tarixini formalaşdırır:
"20 Oktyabr – Zəngilan Şəhəri Günü keçmişlə gələcək arasında möhkəm bir mənəvi körpüdür. Bu gün bizə xatırladır ki, torpaq yalnız coğrafi məkan deyil; o, tariximiz, kimliyimiz, ata-babalarımızın yadigarı və gələcək nəsillərə ötürəcəyimiz müqəddəs əmanətdir. Zəngilanın azadlığı Azərbaycan xalqının birliyinin, dövlətimizin qətiyyətinin və ordumuzun qəhrəmanlığının nəticəsidir".
Anar












































