Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaşlıq münasibətləri bir ölkəyə digərinin daxili işlərinə müdaxilə etmək hüququ vermir

Qardaşlıq münasibətləri bir ölkəyə digərinin daxili işlərinə müdaxilə etmək hüququ vermir


"Azərbaycanda vahid məktəbli geyim qaydalarına qonşu ölkələrdən gələn reaksiyaları təhsil siyasəti, dövlət suverenliyi və ikitərəfli münasibətlər kontekstində qiymətləndirilmək daha düzgün olar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz konstitusion quruluşuna, hüquq sisteminə və milli təhsil siyasətinə uyğun qərarlar qəbul etmək hüququna malik suveren dövlətdir. Bu qərarların başqa ölkələrdə hansısa formada müzakirə predmetinə çevrilməsi mümkündür, lakin müzakirə ilə siyasi təzyiq və daxili işlərə müdaxilə arasında ciddi fərq var".

Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu günki mənzərə isə məhz siyasi təzyiq və daxili işlərimizə müdaxilə cəhdlərini göstərir:

"Odur ki, vahid geyim qaydaları ətrafında yaranmış vəziyyət ictimai sabitlik, informasiya təhlükəsizliyi və dövlətin daxili işlərinə kənar müdaxilələrin qarşısının alınması baxımından diqqət tələb edir.

Bizim dövlət olaraq mövqeyimiz ortadadır. Ölkənin daxili məsələləri Azərbaycan qanunvericiliyi və cəmiyyətin öz daxilində aparılan dialoq əsasında həll edilməlidir. Heç bir xarici dövlətin, siyasi mərkəzin və ya ideoloji şəbəkənin ölkədə qarşıdurmanı təşviq etməsi qəbuledilməzdir".

Politoloq qeyd edib ki, xüsusilə də İran mediasında Azərbaycanla əlaqəli dini mövzuların geniş işıqlandırılması, bir sıra platformalarda etirazlara cağırış edilməsi heç bir halda qəbuledilən deyil:

"İranın ayrı-ayrı din adamlarının, SEPAH-a bağlı kanallar və sosial şəbəkə platformalarının aktiv şəkildə ölkəmiz daxilində qarşıdurma yaratmaq meyilləri ortadadır. Eyni şəkildə Türkiyədə də ayrı-ayrı siyasətçilərin, siyasi məsləhətçilərin və dini fəalların Azərbaycana konkret tələblər ünvanlaması, qərarların dəyişdirilməsini tələb etməsi və məsələni ikitərəfli münasibətlərin siyasi gündəliyinə çıxarması yolverilməzdir. Hər hansı ölkənin ictimai xadimi fikir bildirə bilər, lakin başqa dövlətin daxili siyasətinə dair göstəriş vermək və ya siyasi təzyiq vasitəsilə qərarları dəyişdirməyə çalışmaq sağlam dövlətlərarası münasibətlər prinsipinə uyğun deyil. Hər kəs başa düşməlidir ki, qardaşlıq münasibətləri bir ölkəyə digərinin daxili işlərinə müdaxilə etmək hüququ vermir".

Süleyman
Xəbəri paylaş