Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərdə vahid geyim formasının tətbiqi zəruridir

Məktəblərdə vahid geyim formasının tətbiqi zəruridir


Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına əsasən, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin, Azərbaycan dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin qorunub saxlanması və inkişaf etdirilməsi dövlətin fundamental milli maraqları sırasındadır. Bu milli marağın təmin edilməsinin ən mühüm vasitəsi təhsildir.

Milli dəyərlərin formalaşmasına təsir edən amillərdən biri dini etiqad azadlığı, yəni dini inancı sərbəst şəkildə seçmək və ya seçməmək azadlığıdır. Bu azadlıq insanın öz dini etiqadını sərbəst və şüurlu şəkildə, kənar təzyiq və məcburiyyət olmadan seçmək hüququnu nəzərdə tutur. Belə bir seçimin şüurlu şəkildə həyata keçirilməsi üçün şəxsin kifayət qədər yetkin olması və kənar təsirlərdən asılı olmaması mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, orta məktəblər xüsusi diqqət tələb edir. Çünki məktəblərdə təhsil alan uşaqlar hələ yetkinlik yaşına çatmayıblar və onların dünyagörüşü formalaşma mərhələsindədir. Bu yaşda şagirdlər həm bir-birlərinin, həm də müəllimlərinin təsirinə xüsusilə həssas olurlar. Dini simvollar isə yalnız fərdi etiqadın ifadəsi deyil, həm də müəyyən dini dünyagörüşünü nümayiş etdirən simvoldur. Belə simvolların məktəb mühitində istifadəsi həmin dünyagörüşünün ictimai baxımdan zəruri və nümunəvi olduğu barədə təsəvvür yaradır, yetkinlik yaşına çatmamış şagirdlərin seçimlərinə təsir göstərir.

Azərbaycanın halında bu məsələ ilə bağlı əlavə xüsusatlar da vardır. Məlumdur ki, müəyyən xarici dairələr din pərdəsi altında, əslində, öz siyasi maraqlarına xidmət edən, Azərbaycan xalqının milli kimliyini və vətəndaşlarımızın dövlətə loyallığını zəiflətməyə, dövlət müstəqilliyimizi şübhə altına almağa və cəmiyyətimizdə məzhəb nifaqı yaratmağa yönəlmiş sistemli və zərərli təbliğat aparırlar. Orta məktəb mühitində dini simvollardan təsir vasitəsi kimi istifadə olunması belə təbliğat üçün xüsusilə əlverişli şərait yaradır.
Tarixən öz milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə sadiq olan Azərbaycan xalqının qarşılaşdığı təhdidlər yalnız din pərdəsi altında həyata keçirilən təsir cəhdləri ilə məhdudlaşmır. Gənclər arasında zərərli vərdişlərin, milli-mənəvi dəyərlərimizə yad olan davranışların və bayağı ideoloji meyllər də cəmiyyətimiz üçün narahatlıq doğurur.
Buna görə də orta məktəblərdə təhsil mühitinin xüsusiyyətlərinə və cəmiyyətimizin milli-mənəvi dəyərlərinə uyğun, kifayət qədər ədəbl olan vahid geyim formasının tətbiqi alqışlanmalıdır. Bu qaydaların ardıcıl, sistemli və istisnasız tətbiqi məktəbin dünyəvi və neytral təhsil mühiti kimi qorunması və uşaqların kənar təsirlərdən müdafiəsi baxımından zəruridir.

Milli Məclisin deputatı Qaya Məmmədov
Xəbəri paylaş