
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfər etdi. Səfər çərçivəsində dövlət başçımız Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak və çıxış etdi.
Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən Məşvərət görüşündə çıxışı Azərbaycanın regional əməkdaşlıq sistemində artan rolunu, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyanın genişləndirilməsi və ortaq geoiqtisadi məkanın formalaşdırılması istiqamətində strateji prioritetlərini bir daha nümayiş etdirdi.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin gücləndiyi, nəqliyyat-kommunikasiya marşrutlarının və enerji təhlükəsizliyinin strateji əhəmiyyətinin artdığı bir şəraitdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yeni məzmun kəsb edir. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan regionlararası münasibətlərin inkişafında mühüm mərhələ idi. Dövlət başçımızın çıxışı Azərbaycanın regional əməkdaşlığın dərinləşdirilməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə və ortaq strateji maraqların reallaşdırılmasına yönəlmiş siyasətinin əsas istiqamətlərini əhatə etdi.
Sara Hüseynova











































