Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin plenar iclası keçirilib

Milli Məclisin plenar iclası keçirilib



Oktyabrın 13-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

Parlamentin spikeri iclasın əvvəlində diqqətə çatdırıb ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. Qurultay ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olub. Qeyd olunub ki, bu Yeni Azərbaycan Partiyasının ali rəhbər orqanının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk belə toplantısı olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyev qurultayda proqram xarakterli nitq söyləyib. Dərin məzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salınıb, tarixi qələbələrimizi şərtləndirən amillər göstərilib. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə rolu qeyd edilib.
Milli Məclisin sədri qeyd edib ki, qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlət başçısının söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin edib.
Bildirilib ki, ölkə Prezidentinin nitqində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq üçün müəyyən edilmiş strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da böyük əhəmiyyətə malikdir. Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilər ilə daimi əlaqə saxlanılmasını ehtiva edir. Parlamentin üzvləri kimi biz dövlətimizin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə kömək göstərməliyik. Əminliklə söyləmək olar ki, belə də olacaqdır.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak məqsədilə Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri barədə məlumat verib.
Sonra parlamentin sədri iclasda 13 məsələnin müzakirə ediləcəyini söyləyib. O, ilk 5 məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və bu növ qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edildiyini bildirib.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
O, sənədin beynəlxalq iqlim əməkdaşlığı və ölkəmizin bu prosesdə iştirakı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, cari ilin sentyabrın 7-dən 11-dək Bakıda BMT-nin İqlim Həftəsi-4 və Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Tədbirlərdə iqlim maliyyələşdirilməsi, enerji keçidi, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələrinə uyğunlaşma və beynəlxalq öhdəliklərin praktiki icrası əsas müzakirə istiqamətləri olub.
Bildirilib ki, təqdim olunan Anlaşma Memorandumu İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati, maliyyə və hüquqi məsələləri, habelə Azərbaycan Respublikası Hökumətinin və BMT Katibliyinin öhdəliklərini müəyyən edir. Sənəddə, həmçinin milli uyğunlaşma planlarının həyata keçirilməsinə yönəlmiş beynəlxalq əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanır. Qeyd olunub ki, iqlim dəyişmələrinə uyğunlaşma Azərbaycan üçün də xüsusi strateji əhəmiyyət daşıyır. Belə ki, su ehtiyatlarının qorunması, kənd təsərrüfatının iqlim risklərinə davamlılığının artırılması, Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi və ekosistemlərin mühafizəsi bu sahədə ardıcıl yanaşma tələb edir.
Komitə sədri Anlaşma Memorandumunun təsdiqinin Azərbaycanın beynəlxalq öhdəliklərinin hüquqi çərçivəsinin möhkəmləndirilməsinə, iqlim sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva məsələ barədə təmsil etdiyi komitənin rəyini açıqlayıb. O, deyib ki, müzakirəyə çıxarılan qanun layihəsi ölkəmizin qlobal iqlim diplomatiyasındakı strateji rolunu, uğurlu ekoloji siyasətini, habelə Azərbaycanın beynəlxalq arenada qazandığı mövqeyi hüquqi baxımdan təsdiq edir. Bildirilib ki, 10 maddədən ibarət Anlaşma Memorandumu 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və sentyabrın 2-də Bakı şəhərində imzalanıb. Sənəddə tərəflər arasındakı münasibətlərin şərt və qaydaları müəyyən edilib, həmçinin öhdəliklər, imtiyazlar və immunitetlərlə bağlı məsələlər öz əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri gündəliyin növbəti 3 məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, qeyd edib ki, hər üç qanun layihəsi Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında dövlətlərarası və hökumətlərarası müqavilə və sazişlərin təsdiq edilməsi haqqındadır.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
O, diqqətə çatdırıb ki, iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində  Azərbaycan və Qırğız Respublikalarının dövlət başçıları tərəfindən imzalanıb. Müqavilənin məqsədi tərəflərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdir. Qeyd edilib ki, bu sənəd, eyni zamanda, Azərbaycan və Qırğızıstan arasındakı qarşılıqlı etimadın, siyasi həmrəyliyin, ortaq maraqların və gələcəyə yönəlmiş siyasi baxışın bariz ifadəsidir.

Komitə sədri bu gün Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, bu uğuru Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, düşünülmüş və milli maraqlara əsaslanan xarici siyasətin mühüm nəticəsi kimi qiymətləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakının bu əməkdaşlığın davamlılığını və ölkəmizin regionda artan siyasi əhəmiyyətini nümayiş etdirdiyini vurğulayıb.

Təqdim edilən sənədə əsasən, tərəflər bir-birinə qarşı yönəlmiş heç bir bloklarda iştirak etməmək, iki dövlətin  strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən fəaliyyətlərdən çəkinmək öhdəliklərini təsdiq edirlər. Müqavilədə təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunması məqsədilə beynəlxalq-hüquqi öhdəliklər və milli qanunvericiliklər nəzərə alınmaqla, hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi sahədə kadr və mütəxəssis hazırlığı və potensialının artırılması istiqamətində qarşılıqlı fəaliyyətin dərinləşdirillməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə dair müddəalar, habelə energetika, bərpa olunan enerji mənbələri, nəqliyyat, logistika, yüksək texnologiyalar, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm, ticarət-iqtisadi, investisiya, elm, təhsil, mədəniyyət, idman, incəsənət və s. üzrə əməkdaşlığın inkişafına ilə bağlı məsələlər ehtiva olunur.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar Vüqar Bayramov, Rizvan Nəbiyev, Sahib Alıyev, Günay Əfəndiyeva, Hikmət Məmmədov, Tahir Mirkişili sənədin mühüm əhəmiyyəti barədə öz fikirlərini bölüşüblər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsindən bəhs edib.

Bildirilib ki, 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində imzalanmış, preambula və 24 maddədən ibarət Saziş tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir. Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin avtomobil daşımaları həyata keçirilir.

Qeyd olunub ki, Sazişin tətbiq dairəsinə sərnişin və yükdaşımaları, o cümlədən müntəzəm, qeyri-müntəzəm və icazə tələb edilməyən daşımalar daxildir. Sənəddə təhlükəli, ağır çəkili və iri qabaritli yüklərin daşınması qaydaları, həmçinin tələb olunan sənədlər, rüsumlar, ödənişlər və sığorta məsələləri tənzimlənir. Bundan əlavə, milli qanunvericiliyin tətbiqi, gömrük rüsumundan azad olma, beynəlxalq öhdəliklər və qarışıq komissiyaların təsis edilməsi kimi digər məsələlər də müvafiq maddələrdə öz əksini tapıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov məsələ barədə təmsil etdiyi komitənin rəyini səsləndirib. O, Sazişin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olduğunu, həmçinin milli prosedurlara riayət edildiyini, milli maraqlarımıza cavab verdiyini və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə  Saziş”in təsdiq edilməsi barədə qanun layihəsindən danışıb.

Qeyd edilib ki, sözügedən Saziş 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində imzalanıb. Saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.

Yeni dəyişikliyə əsasən, qeyd olunan Sazişin 4-cü maddəsində və Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnaməsinin 6-cı maddəsinin 2-ci bəndində 2024-cü il aprelin 24-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" ilə "100 000 000 ABŞ dolları" həcmində müəyyən edilmiş nizamnamə kapitalının məbləği "200 000 000 ABŞ dolları" ilə əvəz edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov bu məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra, qanun layihəsi qəbul edilib.

Parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

O, deyib ki, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış Sazişin məqsədi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin Azərbaycan Respublikasında öz funksiyalarını və vəzifələrini səmərəli yerinə yetirməsi üçün şərait yaradılması, onun hüquqi statusunun, imtiyaz və immunitetlərinin müəyyən edilməsi, habelə Azərbaycan Respublikası Hökuməti ilə Təşkilat arasında münasibətlərin tənzimlənməsidir.

Qeyd edilib ki, Saziş preambula və 12 maddədən ibarətdir. Preambulada Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təsis edilməsinə, 2022-ci ildə qəbul olunmuş Şuşa Akkordu əsasında Gənclər Təşkilatının yaradılmasına və onun qərargahının Bakı şəhərində yerləşməsini nəzərdə tutan Nizamnaməsinin müddəalarına istinad edilir. Sənədə əsasən Azərbaycan Respublikasının Hökuməti Katibliyin fəaliyyətini təmin etmək üçün müvafiq dəstək göstərir. Katibliyin əməkdaşlarına verilən imtiyaz və immunitetlər onlara şəxsi mənafeləri üçün deyil, öz funksiyalarını yerinə yetirmələri məqsədilə nəzərdə tutulur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə fikirlərini bölüşərək bildirib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı öz fəaliyyəti ilə necə böyük təsir gücünə və imkanlara malik olduğunu sübut edib. Qeyd olunub ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Hərəkatın parlament ölçüsü ilə əlaqələri böyük əhəmiyyət kəsb edir. Komitə sədri bu baxımdan, Milli Məclis sədrinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakı ofisindəki çıxışını xatırlayaraq, həmin çıxışda gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verildiyini söyləyib. O, sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Məsələ ətrafında müzakirələrdə deputatlar Bəhruz Məhərrəmov və Vüqar İskəndərov çıxış edərək öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb.

Layihədə təklif olunan dəyişikliklərin "Lisenziyalar və icazələr haqqında" Qanunun icrası ilə əlaqədar olduğu və uyğunlaşdırma xarakteri daşıdığı bildirilib. Sənəddə sözügedən məcəllə və qanunların müvafiq maddələrindən “xüsusi” sözünün çıxarılması nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitələrin müsbət rəylərini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının  qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) danışıb.
O, sənədin birinci və ikinci oxunuşu zamanı deputatlar tərəfindən heç bir irad və təklifin daxil olmadığını deyib və onun dəstəklənməsini xahiş edib.

Layihənin məqsədi balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyinin və fasiləsizliyinin təmin edilməsi, habelə aqrar sektor üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyinin risk əsaslı yanaşmaya və konkret, ölçülə bilən kəmiyyət meyarlarına keçirilməsindən ibarətdir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəy verdiyini açıqladıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti üç məsələsi birinci oxunuşda olan qanun layihələridir və deputatları çıxışlarında birinci oxunuşun tələblərini nəzərə almağa çağırıb.

Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov təqdim edib.
Dəyişikliklər barədə danışan Azər Badamov vurğulayıb ki, qanun layihəsi kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtının Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

Komitə sədri Musa Quliyev layihə barədə Əmək və sosial siyasət komitəsinin müsbət rəy verdiyini açıqlayıb.
Deputat Razi Nurullayevin dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda qəbul edilib.
Gündəliyin növbəti məsələsini – “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qeyd olunub ki, qanuna əlavə edilən 15.5-ci maddəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri bildirib ki, layihədə “İcra haqqında” Qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi təklif olunub. Yeni maddə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmini müəyyən edir. Bununla əlaqədar layihədə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin layihə ilə bağlı müsbət rəyini komitə üzvü Rövşən Muradov təqdim edib.

Müzakirədə komitə sədrləri Zahid Oruc və Siyavuş Novruzovun, deputat Aydın Hüseynovun çıxışları dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Spiker bildirib ki, gündəliyin qalan üç məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O, on birinci məsələni - “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim etmək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.

Komitə sədri layihənin birinci oxunuşunun müzakirələrində qaldırılan məsələlərdən danışıb və layihədə aparılan bəzi dəqiqləşdirmələri diqqətə çatdırıb.

Layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının vəzifələrini və digər məsələləri əhatə edir.
Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Rövşən Muradov, Samir Vəliyev, Rəşad Mahmudov, Erkin Qədirli çıxış edərək, qeyd və təkliflərini bildiriblər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəni təqdim edərkən deyib ki, Azərbaycanda pensiya təminatı fərdi uçot və sığorta prinsipləri əsasında həyata keçirilir, yəni şəxsin pensiyasının məbləği topladığı pensiya kapitalına uyğun olaraq formalaşır. Bu baxımdan sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində davamlı islahatlar aparılır.

Komitə sədri sənədi bu islahatların növbəti addımı kimi dəyərləndirərək, layihədə pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi barədə məlumat verib.

Qeyd olunub ki, qanun layihəsi 6 maddədən, o cümlədən keçid müddəalardan ibarətdir. Təklif olunan layihədə “Əmək pensiyaları haqqında” Qanunun 12 maddəsinə dəyişiklik edilməsi, həmçinin “Aylıq pensiya əlavəsi” adlı yeni V-I fəslinin əlavə edilməsi nəzərdə tutulur. Digər qanunlarda isə uyğunlaşma xarakterli müvafiq dəyişikliklərin aparılması təklif edilir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Sənəd barədə məlumat verən komitə sədri vurğulayıb ki, dəyişikliklər, xüsusi xidmət orqanlarında xidmət keçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdikləri komitələrin müsbət rəylərini səsləndiriblər.
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş