Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamboca ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün yeni imkanlar

Kamboca ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün yeni imkanlar


Baş nazir Hun Manetin səfəri bu imkanların dəyərləndirilməsi baxımından əhəmiyyətlidir

1994-cü ildə qurulan Azərbaycan-Kamboca diplomatik münasibətləri ötən illər ərzində kifayət qədər inkişaf etsə də, iki ölkə arasında mövcud əlaqələr Pnompen və Bakının potensialından qat-qat aşağıdır. Kamboca ilə Azərbaycan arasında münasibətlərdə daha çox siyasi əlaqələr və beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq üstünlük təşkil edir. Cənub-Şərqi Asiyanın bu ölkəsi ilə BMT, Qoşulmama Hərəkatı və AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində yüksək səviyyəli siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız mövcuddur. Hər iki ölkə beynəlxalq platformalarda bir-birinin mövqeyinə hörmətlə yanaşır və onu dəstəkləyir.

Bundan başqa, hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir ki, bu da Azərbaycan və Kamboca arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da öz növbəsində Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritet istiqamətlərindən biri olduğunu göstərir.

Bakı ilə Pnompen arasında iqtisadi əlaqələr inkişaf etsə də, mövcud vəziyyət hər iki ölkə üçün o qədər də qənaətbəxş deyil. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfərini şərtləndirən başlıca amillərdən birinin iqtisadi əlaqələri genişləndirmək olduğunu desək, yanılmarıq. Məlumat üçün qeyd edək ki, son beş ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi altı dəfə artsa da, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün daha böyük potensial var.

Prezident İlham Əliyevin Kambocanın Baş nazirini qəbul edərkən vurğuladığı kimi, qarşıda duran əsas vəzifə ticarət dövriyyəsinin artırılmasına nail olmaqdır. Düzdür, ötən ilin statistikasına nəzər saldıqda iki ölkə arasındakı ticarət dövriyyəsində 25 faizlik artım görürük. Həmçinin, son beş ildə Bakı ilə Pnompen arasındakı ticarət dövriyyəsi altı dəfə artıb. Lakin mövcud imkanlar bu sahədə daha ciddi nəticələr əldə etmək üçün yetərlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Kambocanın Baş naziri ilə görüşdə bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Dövlət başçısı eyni zamanda əmin olduğunu bildirib ki, Kambocanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq.

Bakı ilə Pnompen arasında əlaqələrdə nəqliyyat və logistika imkanları da hazırda əsas istiqamətlərdən sayıla bilər. Bildiyimiz kimi, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşaqlarından biri rolunu oynayır, eyni zamanda, əsas körpü funksiyasını yerinə yetirir. Bu qovşağa Kambocanın da qoşulması Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarının artmasına gətirib çıxara bilər. Bu coğrafi xüsusiyyətlər yükdaşıma, logistika xidmətləri, anbar infrastrukturu və multimodal nəqliyyat həlləri sahəsində əlaqələrin inkişafı üçün zəmin yaradır. Düzdür, coğrafi məsafə daşınma və tranzit marşrutlarının səmərəliliyinə müəyyən mənada təsir göstərsə də, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, müasir dünyada bu, böyük problem deyil.

Azərbaycanla Kambocanın oxşar cəhətləri də var. Hər iki ölkənin mina problemi ilə üzləşməsi, sülh və təhlükəsizliyin təmin olunmasının həm Bakı, həm də Pnompen üçün prioritet olması Cənub-Şərqi Asiya ölkəsi ilə Cənubi Qafqaz ölkəsini bir-birinə daha da yaxınlaşdırır. Prezident İlham Əliyev də Kambocanın Baş naziri ilə görüşdə sözügedən problemə diqqət çəkərək bu məqsədlə təcrübə, bilik və praktiki bacarıqların mübadiləsinin, həmçinin təlimlərin keçirilməsinin son dərəcə vacib olduğunu bildirib.
Azərbaycan dövlətinin və onun liderinin sülh gündəliyi də hər zamankı kimi açıq və aydındır. Dövlət başçısı Kambocanın Baş naziri ilə görüşdə Bakının sülh və təhlükəsizliklə bağlı mövqeyini bir daha açıq şəkildə ifadə edib:

“Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Xəbəri paylaş