
Bəzi filmlərə baxırsan… Bəzilərini isə göz yaşlarınla, qürurunla, sızlayan ürəyinlə yaşayırsan… “44” məhz belə bir filmdir!
Dünən 44 günü yenidən yaşadım… Müharibənin ilk günündən Zəfər anına qədər… Hər günü, hər anı, hər ağrını, hər sevinci sanki yenidən hiss etdim. Bəzən kədərdən, bəzən qürurdan göz yaşlarımı saxlaya bilmədim. Və inanın ki, zalda əyləşən hər kəs eyni hissi yaşayırdı…
İlahi, biz nələr yaşamışıq?!
Bir tərəfdə azadlığına qovuşan torpaqlarımız, digər tərəfdə övladının yolunu ömürlük gözləyən analar… Bir tərəfdə Zəfər sevinci, digər tərəfdə heç bir təsəlli ilə sağalmayan yaralar… Bir tərəfdə üçrəngli bayrağımızın dalğalandığı yurd yerlərimiz, digər tərəfdə o bayrağın kölgəsində uyuyan qəhrəmanlarımız…
Şəhid analarının gözlərinə baxmaq mənim üçün çox ağır idi. Çünki onların gözlərində sadəcə kədər yox, bir ömrə sığmayan həsrət, sözlə ifadə olunmayan ağrı və sonsuz qürur vardı.
Bilirsiniz, son vaxtlar bu barədə çox düşünürəm: Görəsən biz Zəfərimizin böyüklüyünü tam dərk edirikmi? Bu qələbənin arxasında hansı gecələr, hansı dualar, hansı vidalar, hansı göz yaşları dayanır? Keçdiyimiz o yolu hər gün xatırlamalı, dövlətimizə sarılmalı, bu azadlığı, bu bütövlüyü qorumalıyıq! Azərbaycanımıza, onun müstəqilliyinə, azadlığına uzanan xain əlləri kəsməliyik! Biz bu günə qurbanlar verərək gəlmişik! Unutmayaq!
Bir sözlə, “44” mənim üçün sadəcə film deyil. Bu, yaddaşımızdır. Tariximizdir. Unutmağa haqqımız olmayan ağrılarımız və qürur duyduğumuz Zəfərimizdir.
Əminəm ki, Vətən müharibəsi haqqında hələ çox filmlər çəkiləcək. Amma “44” yaddaşımızda xüsusi yeri olan əsərlərdən biri kimi qalacaq. Çünki burada yalnız hadisələr deyil, bir xalqın ruhu, iradəsi və taleyi canlandırılır.
“44”də hər şey mükəmməldir – ssenarisi, quruluşu, texnikası, ruhu… Hər kadra ürək qoyulub.
Və bir şeyi dəqiq bilirəm: Üzərində Heydər Əliyev Fondunun imzası olan hər iş mükəmməl olur. Çünki orada hər işə ürək, hər gözəlliyə sevgi qoyulur. Gözəl olan hər işin arxasında isə böyük zəhmət, böyük ürək dayanır.
“44” məhz belə bir işdir – sevginin, zəhmətin, məsuliyyətin və yorulmaz əməyin zirvəsi. Bu möhtəşəm əsərin ərsəyə gəlməsində zəhməti olan hər kəsə, bütün yaradıcı heyətə və Anar Ələkbərova sonsuz təşəkkürlər!
Mütləq bu filmə baxın! Övladlarınızla baxın! Gələcək nəsillərimiz baxsın! Qoy onlar azad torpaqlarımızın hansı fədakarlıqlar bahasına qazanıldığını bilsinlər. Qoy heç kim qəhrəmanlarımızın adlarını, analarımızın göz yaşlarını, xalqımızın keçdiyi yolu unutmasın.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa versin!
Bizi bir yumruq kimi birləşdirən, Zəfər tariximizi yaşadan Ali Baş Komandanımıza eşq olsun!
Xoşqədəm Baxşəliyeva











































