Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin inkişafı önəmli yer tutur

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin inkişafı önəmli yer tutur



“Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin inkişafı önəmli yer tutur. Belə ölkələrdən biri də Kamboca Krallığıdır. Oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri qarşılıqlı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Kamboca Krallığı Cənub-Şərqi Asiya yerləşən dövlətdir. Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1994-cü il dekabrın 28-də qurulub. Bu addım iki ölkə arasında siyasi dialoqun əsasını qoyaraq, gələcəkdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün zəmin yaradıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif region ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirib və Kamboca ilə diplomatik münasibətlərin qurulması da bu prosesin bir hissəsi olub. Bu münasibətlər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və əməkdaşlıq imkanlarını artırmağa xidmət edir.

Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün böyük potensial mövcuddur. Bu gün  siyasi münasibətlər yüksək səviyyədədir və bu amil müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq imkanı verir. Baş nazirin səfəri çərçivəsində mübadilə edilən sənədlər də bunun göstəricisidir.

Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmasların intensivləşdirilməsi zərurətdir. Bu baxımdan, ticarət və sərmayə qoyuluşu sahələrində aparılan müzakirələr iqtisadi əlaqələrimizin genişləndirilməsinə töhfə verəcək. Çünki ölkələrimiz arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədədir. Bu səfər zamanı  ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaradılması iqtisadi əlaqələrə böyük təkan verəcək.

Samir Vəliyev xatırladıb ki, keçmiş Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Cənab Prezidentin dediyi kimi, bu ənənə bərpa edilməlidir. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Müsbət haldır ki, Azərbaycan modeli olan “ASAN” xidmət Kambocada da maraq doğurur. Bu model Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir.
Deputat iki ölkənin parlamentləri arasında da yaxşı əlaqələrin olduğunu diqqətə çatdırıb. Belə ki, hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib.

“Bütün bunlar Asiyanın, o cümlədən Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu sübut edir” – deyə, millət vəkili vurğulayıb.

Süleyman
Xəbəri paylaş