
"Bu dövlət dini mənsubiyyətindən, dini baxışlarından asılı olmayaraq hamımızındır. Dinmi üstündür, dövlətmi? Biz, Azərbaycan xalqı olaraq çox çətin sınaqlardan keçərək bu günlərə gəldik. Dövlətin zəif gününü də gördük, bu zəiflikdən doğan məğlubiyyətləri, qız-gəlinlərimizin namusunun kirlənməsinə, torpaqlarımızın işğal olunmasına, kişilərimizin-fərqi yox idi, dindar, ya qeyrisi, bunlara ağlaya-ağlaya baxmasını, kimisinin bunlara dözməyib intihar etməsini, kimisinin əlacsızlıqdan uzun on illər ürək ağrısı ilə saçının ağararaq qocalmasını. Bunları sadəcə yada saldım.
Amma Azərbaycan xalqı olaraq heç nə ilə barışmadıq. Barışa da bilməzdik. Nəhayətdə dindar, ya qeyrisi bütün xalq bir olub, həmin acı həyata son qoyduq, başımızı yerdən qaldırıb dünyanın ən mübariz və qəhrəman xalqı olduq. İndi də bütün dünya bizdən danışır, bizi nümunə gətirir".
Newscenter.az xəbər verir ki, bunları ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Azər Qasımov daha sonra bunları qeyd edib:
"İndi nə oldu ki, dini kəsim adlandırdığımız vətəndaşlarımız qarşılarında dayanan hicabsız qadına nalayiq sözlər söyləyərək onu təhqir etdi, uğrunda şəhid verdiyi vətəninin hakimiyyətindən tutmuş təhsil işçisinə kimi hamını özünə düşmən hesab etdi? Baş örtüyünə görəmi? Qayıdıram başda verdiyim suala. Dinmi üstündür, dövlətmi?
Dövlətsizliyin nə olduğunu gördük. Onda dinimiz və dindaşlarımız bizə kömək etmədi və etmədilər. Yenəmi həmin günləri istəyən var?".
Partiya rəsmisi deyib ki, problemlərimiz çoxdur:
"Təhsil də bundan kənar deyil. Gəlin məktəblərdəki başı bağlı öyrənci və müəllimlərimiz dövlətimiz və dinimiz naminə başlarını aşmaqla din yolunda CİHAD etsinlər. Məktəblərinə getsinlər. Oxusunlar, öyrətsinlər, dindar kəsimin dövlətinə bağlılığını hamıya sübut etsinlər. Əmin olun ki, dövlətimiz də bunu gec-tez qarşılıqsız buraxmayacaq".
Süleyman










































