Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi

Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi


Yaxud hicab arxasında gizlənən molla rejimi

Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarı bir daha Azərbaycanın dostu və düşmənini aydın şəkildə ortaya qoymuş oldu. Bir qayda olaraq din pərdəsi adı altında siyasi İslamı Azərbaycana ixrac etməyi hədəfləyən İran ölkəmizin daxili işlərinə kobud şəkildə müdaxilə etməkdən çəkinmədi. Cənub qonşumuzun ayrı-ayrı səlahiyyət sahibləri Bakını təhdid etməkdən belə çəkinməyərək belə bir fikir formalaşdırmağa, ictimai rəy yaratmağa çalışdılar ki, guya Azərbaycanda hicab qadağan edilib. Halbuki reallıq tamamilə fərqlidir. Azərbaycan tolenart bir ölkə olaraq bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşmaqla yanaşı, inanclı vətəndaşlarımızı düşünür, onları nəzər alır. İstər paytaxtda, istərsə də bölgələrdə istənilən küçə və meydanlarda hicablı, baş örtüyü olan xanımlara rast gəlmək mümkündür. Bunu başqa cür də təsəvvür etmək mümkün deyil.

Məsələnin əsl mahiyyətinə gəldikdə isə, söhbət burada təhsil müəsssisələrində vahid geyim standartının müəyyən edilməsindən gedir. Sözügedən qərarı yalnış istiqamətə yönəldənlər burada yalnız geyimin əsas seçim olmadığını unudurlar. Geyimlə bərabər incə məqam ondan ibarətdir ki, bu qərar həm də məktəb mühitində bərabərliyin təmin edilməsinə xidmət edir. Təhsilin dünyəvilik prinsipi və uşaqların sosial münasibətlərinin sağlam əsaslar üzərində formalaşdırılması burada başlıca meyar təşkil edir. Onu da qeyd etmək lazımdır ki, bu praktikanı tətbiq edən yalnız Azərbaycan deyil. Dünyanın inkişaf etmiş ölkələrində, hətta Türk dövlətlərində də eyni praktika tətbiq edilir və məktəblər vahid geyim formalarına keçir. Bu qərarın tətbiqi həm şagirdlər, həm də müəllimlər arasında sosial bərabərsizliyin aradan qaldırılmasına yol açacaq ki, nəticə etibarilə heç bir şagird və ya müəllim özünü həmkarından kasıb, yaxud varlı hesab etməyəcək. Nəticə etibarilə, əsas hədəf tədrisin keyfiyyətinin, şagirdlərin bilik və bacarıqlarının artrılmasına əsas diqqət yetiriləcək.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edilib. Sənəddə müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə yol verilməməsi nəzərdə tutulur. Bundan əlavə, 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarla dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyiminə dair ayrıca tələblər təsdiqlənib.

Bu qərarların mahiyyətini düzgün anlamaq üçün məktəbin əsas funksiyasını xatırlamaq lazımdır. Məktəb uşaqların yalnız bilik aldığı məkan deyil. Burada onların dünyagörüşü formalaşır, sosial münasibətləri inkişaf edir, birgəyaşayış qaydalarını mənimsəyir və fərqli sosial mühitlərdən gələn insanlarla ünsiyyət qurmaq bacarıqları yaranır.
Vahid geyim yanaşmasının üstünlüklərindən biri şagirdlər arasında zahiri fərqlərin və maddi imkanların nümayişinin azaldılmasına şərait yaratmasıdır. Müxtəlif ailələrdən gələn uşaqların eyni təhsil mühitində oxuması onların geyim markasına, qiymətinə və ya ailələrinin maddi vəziyyətinə görə bir-birindən fərqləndirilməsinin qarşısını almağa kömək edə bilər. Ən əsası, məktəb uşaqların dini və ya sosial mənsubiyyətinə görə ayrıldığı deyil, bilik qazandığı, bərabər imkanlar əldə etdiyi və qarşılıqlı hörmət öyrəndiyi məkan olmalıdır.

Bununla yanaşı, hicab mövzusunun ictimai-siyasi müstəviyə daşınması, sosial şəbəkələrdə emosional müzakirələrin aparılması və ayrı-ayrı hadisələrin geniş siyasi mübarizənin tərkib hissəsi kimi təqdim edilməsi də diqqətdən kənarda qalmamalıdır. Son baş verən proseslər və paytaxt məktəblərində yaşananlar bir daha o qənaəti formalaşıdrdı ki, proseslərin arxa fonunda xarici təsirlər, o cümlədən İranla əlaqəli dini-siyasi dairələr dayanır.

Azərbaycanla İran arasında tarixi, dini və mədəni əlaqələr mövcuddur. Eyni zamanda, iki dövlətin dünyəvilik, dini institutların ictimai-siyasi həyatda rolu və dövlət idarəçiliyi ilə bağlı yanaşmaları müxtəlifdir. Azərbaycan Konstitusiyaya uyğun olaraq dünyəvi dövlətdir. Bu prinsip dinə qarşı münasibət kimi deyil, dövlət idarəçiliyinin dini təsirlərdən müstəqilliyi və müxtəlif inanclara malik insanların hüquqlarının qorunması kontekstində qiymətləndirilməlidir. İran isə bir qayda olaraq Azərbaycana dini nöqteyi nəzərdən öz dini-siyasi modelini ölkəmizdə tətbiq etməyə çalışıb. Zaman-zaman Azərbaycandakı ictimai müzakirələrə təsir göstərməyə cəhd edib, müəyyən təşkilatların maliyyələşdirilməsində iştirak edərək onlardan zamanı yetişəndə Azərbaycana qarşı istifadə edib. Xüsusilə, bölgələrdə sosial durumu bir qədər normal olmayan fərdləri, ailələri, işsiz gəncləri maddi yardımlar adı altında təsir dairəsinə salaraq onların timsalında özünə burada elektorat formalaşdırıb.

Bu gün ölkənin ümumtəhsil müəssisələrində yaşanan arzuedilməz hadisələr cənub qonşumuzun ölkəmizin daxilində yetişdirdiyi elektoratın nə dərəcədə təhlükəli olduğunu ortaya qoydu. Bir daha aydın oldu ki, hicab mövzusunun siyasi mübarizə predmetinə çevrilməsi, xarici təsirlərin mümkün rolu və İranla əlaqəli dairələrin bu proseslərdə iştirakı yalnız sözdə deyil, artıq faktlar əsasında da öz təsdiqini tapir. Cəmiyyətin həssas dini məsələlər üzərindən qarşı-qarşıya qoyulmasına imkan verməmək üçün isə həm dövlət qurumları, həm də cəmiyyətin ayrı-ayrı fərdləri diqqətli olmalı, Azərbaycana düşmən kəsilən dairələrin dəyirmanına su tökməyə imkan verilməməlidir. İndi daha çox birlik və bərabərliyimizə ehtiyac var.

İlham İsmayılov,

ATXƏM sədri
Xəbəri paylaş