
Azərbaycan Respublikasının Prezidenti doğma Partiyamızın Sədri Cənab İlham Əliyevin 8-ci Məşvərət Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrin inkişafında, eləcə də beynəlxalq nəqliyyat və enerji marşrutlarının genişləndirilməsində mühüm rolunu ön plana çıxardı. Xəzər dənizi vasitəsilə daşımaların artırılması, Orta Dəhlizin tranzit imkanlarının daha da inkişaf etdirilməsi və rəqəmsal infrastrukturun təkmilləşdirilməsi ölkəmizin regionlararası əlaqələrdə əhəmiyyətini artırır. Həyata keçirilən bu tədbirlər Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Bütün bunlar ölkəmizin uzunmüddətli inkişaf məqsədlərinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasətinin mühüm istiqamətlərindəndir.
Onuda qeyd etmək istərdim ki, Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır.
Beləliklə məşvərət görüşündə Azərbaycanın 2027-ci ildə bu formata ilk dəfə sədrlik edəcəyi məsələsi ölkəmizin regional əməkdaşlığın inkişafında artan rolunu nümayiş etdirən mühüm məqamlardan biri kimi diqqət çəkib. Bu məsuliyyətli missiya Azərbaycana Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı maraqlara əsaslanan təşəbbüslərin irəli sürülməsi və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində yeni imkanlar yaradacaq. Prezident İlham Əliyevin bu əməkdaşlıq platformasına göstərdiyi yüksək diqqət və xüsusi əhəmiyyət Azərbaycanın regional inteqrasiyaya, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlər arasında etimada əsaslanan münasibətlərin inkişafına verdiyi önəmi əks etdirir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakını təmin etməklə yanaşı, Azərbaycanı region ölkələri arasında dialoqun genişləndirilməsinə və ortaq inkişaf hədəflərinin reallaşdırılmasına töhfə verən etibarlı tərəfdaş kimi ön plana çıxarır.
Aynur Quliyeva











































