
Cari ilin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin başçılarının VIII Məşvərət görüşü region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbirdə iştirak edən ölkə başçısı çıxış edərək vurğulamışdır ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Onuda qeyd etmək istərdim ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud olan dostluq münasibətləri konkret layihələr və qarşılıqlı dəstək nümunələri ilə daha da möhkəmlənir. Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi xalqlarımızın ortaq mənəvi dəyərlərinə və qardaşlıq əlaqələrinə verilən önəmin göstəricisidir. Eyni zamanda, Özbəkistanın Füzulidə məktəb, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda məktəb tikməsi bu həmrəyliyin real təzahürüdür. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində dost və qardaş ölkələrin göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlar dövlətlərimiz arasında əməkdaşlığın siyasi və iqtisadi əlaqələrlə yanaşı, təhsil, mədəniyyət və ortaq mənəvi dəyərlər əsasında da uğurla inkişaf etdiyini göstərir. Əminik ki, bundan sonra da Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlər əldə edəcək, beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək və qardaş dövlətlərlə əməkdaşlığını genişləndirərək daha böyük uğurlara imza atacaq.
Fərid Hacıbəyli










































