
Qazaxıstanın qanunverici orqanı sayılan Kurultay səhiyyə sahəsində yeni qanun layihəsini müzakirə yə çıxarıb.
Newscenter.az "Kazinform"a istinadən xəbər verir ki, yeni qanun layihəsi tibbdə süni intellektin istifadəsi üçün vahid tələbləri və xəstəxana və klinikalara baş çəkərkən sənədləşmə işlərinin azaldılmasını nəzərdə tutur.
Sənədi səhiyyə nazirinin birinci müavini Timur Sultanqaziyev təqdim edib.
"Xəstələrin təhlükəsizliyi tələblərini nəzərə alaraq, tibbdə süni intellektin istifadəsini tənzimləmək üçün qaydaların tətbiqi təklif olunur", - deyə nazir müavini bildirib.
Timur Sultanqaziyevin sözlərinə görə, süni intellekt həkimlərə işlərində kömək edəcək, diaqnoz qoymaq və müalicə təyin etmək qərarı isə yenə də tibb mütəxəssisinin ixtiyarında olacaq.
Səhiyyə Nazirliyi qeyd edib ki, qanun layihəsi vətəndaşların elektron xidmətlər vasitəsilə sağlamlıqları haqqında məlumat almaq hüququnu, eləcə də tibbi müdaxilələr üçün rəqəmsal şəkildə məlumatlı razılıq vermək imkanını təsbit etməyi təklif edir.
Bundan əlavə, Nazirlik səhiyyə işçilərinin rəqəmsal sistemlərə daxil edilən məlumatların dəqiqliyinə görə məsuliyyətinin gücləndirilməsini, şəxsi tibbi məlumatların qorunmasının gücləndirilməsini və pozuntuların qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklər rəqəmsal tibbi xidmətlərin əlçatanlığını artırmaq, sənədləşmə işlərinin azaldılması, xəstələrin hüquqlarının qorunması və qazaxıstanlıların tibbi yardım alması üçün daha rahat şərait yaratmaq məqsədi daşıyır.
Süleyman












































