
"Kəlbəcər Şəhər Günü Azərbaycanın tarixi Zəfər salnaməsinin, ərazi bütövlüyünün bərpasının, milli iradənin və Böyük Qayıdışın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Kəlbəcər Azərbaycan xalqının tarixi yaddaşında, milli-mənəvi həyatında və dövlətçilik tarixində özünəməxsus yeri olan qədim yurdlarımızdan biridir. Bu torpaq yalnız zəngin təbii sərvətləri, füsunkar təbiəti, mineral su mənbələri və tarixi-mədəni abidələri ilə deyil, həm də xalqımızın yaddaşında yaşatdığı doğma yurd sevgisi ilə seçilir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Kəlbəcərin işğalı Azərbaycan xalqı üçün uzun illər davam edən ağır tarixi sınaq olmuşdur:
"1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdür. Bu hadisə təkcə bir şəhərin və rayonun itirilməsi deyil, həm də insanların həyatında, ailə yaddaşında və milli tariximizdə dərin iz buraxan faciə idi.
Lakin Azərbaycan xalqı doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədi. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda aparılan ardıcıl siyasət, xalqımızın birliyi, ordumuzun gücü və tarixi Zəfərimiz Kəlbəcərin yenidən Azərbaycanın nəzarətinə qaytarılması ilə nəticələndi".
Politoloq qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı:
"Bu tarix Azərbaycan tarixində Zəfərdən sonra ərazi bütövlüyümüzün bərpasının mühüm mərhələlərindən biri kimi yadda qaldı.
25 noyabrın Kəlbəcər Şəhər Günü kimi qeyd olunması həmin tarixi hadisənin milli yaddaşda yaşadılması, şəhidlərimizin xatirəsinin ehtiramla anılması və doğma yurda qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi məna daşıyır".
Arzuman Muradlı qeyd edib ki, bu gün Kəlbəcərdə həyata keçirilən quruculuq işləri şəhərin gələcək inkişafının, müasir infrastrukturun yaradılmasının və yaşayış mühitinin bərpasının əsasını təşkil edir:
"2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanması tarixi hadisənin yeni mərhələsini açıb".
Süleyman












































