
“Məktəb elə bir yerdə olmalıdır ki, orada uşaqların, yaxud onların ailələrinin maddi imkanları deyil, onun bildiyi, istedadı, savadı və mənəvi inkişafı ön plana çıxsın. Ümumtəhsil müəssisələrində vahid geyimin tətbiqi də məhz bu məqsədə xidmət edir”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarı şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, sözügedən qərarı ölkədə hicaba, baş örtüyünə qadağa kimi qiymətləndirmək kökündən yalnışdır və bu cür yalan məlumatlar cəmiyyəti aldatmağa, insanlar arasında süni şəkildə qarşıdurma yaratmağa hesablanıb:
“Hər kəsə də məlumdur ki, Azərbaycanda insanlar küçə və meydanlarda, istirahət və digər iaşə obyektlərində, hətta iş yerlərində hicabla, baş örtüyü ilə gəzə, çalışa bilirlər. Bir dənə nümunə göstərilə bilməz ki, şəhərin müxtəlif yerlərində, yaxud dövlət müəssisələrində insanlara hicaba, baş örtüyünə, ümumin inancına görə hansısa formada təzyiq göstərilsin, onlardan hicabı açmaq tələb olunsun. Belə bir nümunə təqdim etmək heç cür mümkün deyil. Nazirlər Kabinetinin məlum qərarı isə sırf ümumtəhsil müəssisələri üçün nəzərdə tutulub. Məlum qərardan sonra həmin qərara olan əks reaksiyalar bir daha sübut etdi ki, müəyyən xarici ölkələr Azərbaycanın təhsil müəssisələrinə sirayət edə bilib və mütləq şəkildə bunun qarşısı alınmalıdır. Bu məqsədlə atılan ən doğru addım da hesab edirəm ki, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarıdır və düşünürəm ki, bu, həm də zamanında atılmış addımdır”.
Deputat qeyd edib ki, məktəb müəllimlərinin vahid formada geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə müstəvisindən müsbət təsiri vardır. Millət vəkilinin sözlərinə görə, vahid işgüzar üslub müəllimin təhsil müəssisəsinin nümayəndəsi və müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulayır:
“Bu, tədris zamanı lazım olan iş mühitini və məsafəni qorumağa kömək edir. Şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də vahid geyim forması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi, aidiyyət/mənsubiyyət və daxili qaydalara hörmət simvolu kimi qəbul edilir”.
İlham Məmmədov hesab edir ki, vahid geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Eyni zamanda müəllimlərin vahid işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna və institusional imicinə müsbət təsir göstərir.
Süleyman











































